Onlayn bilet almaq

Günümüzdə Onlayn Bilet Almaq, onlayn xidmət göstərən vebsaytların çoxalmasını nəzərə alsaq, turistlər üçün artıq elə də çətin görünmür.

Günümüzdə Onlayn Bilet Almaq, onlayn xidmət göstərən vebsaytların çoxalmasını nəzərə alsaq, turistlər üçün artıq elə də çətin görünmür. Sizin üçün hazırladığımız bu bloqumuzda, Onlayn aviabiletləri necə almaq olar? Aviabilet aldığımız zaman nəyə diqqət etməliyik? Endirimlərdən necə faydalanmaq olar? Onlayn aviabilet bron edilməsinin müsbət və mənfi cəhətlərindən danışacayıq.

Dünyada yüzlərlə hətta minlərlə onlayn bilet xidməti göstərən saytlar var. Bunlardan əsas olanlarına da aşağıda nəzər salacayıq. İndi isə keçək bizi maraqlandıran suallara.


Onlayn bilet necə almaq olar?

Siz onlayn bilet almaq tək tərəfli (One Way) və ya gediş-dönüş (Round Trip) edə bilərsiniz.


Onlayn bilet almaq    

  1. Haradan (Bakı)
  2. Haraya (Getmək istədiyiniz şəhər)
  3. Gediş-dönüş tarixlərini qeyd edin. Əgər sizə geri dönüş tarixi lazım deyilsə xananı boş buraxın.
  4. Sərnişin sayını qeyd edin. Əgər siz birdən çox sərnişin sayı qeyd etsəniz, sistem sizə qeyd etdiyiniz adam sayısına görə qiymət göstərəcək.
  5. Axtar butonuna basın.

Bütün aviabilet saytlarında axtarış sistemi demək olar ki, eyni prinsip ilə işləyir.


Onlayn bilet almaq    

Açılan pəncərədə, şəkildə gördüyünüz kimi mən Bakı-İstanbul reysinə 29 yanvar gediş – 5 fevral dönüş, 1 nəfər üçün bilet axtarışındayam. Sistem mənə ən ucuz bileti 768 AZN – ə (Azərbaycan Hava Yolları Aviaşirkəti ilə) Trip.ru saytında olduğunu göstərir. Yuxarıda sağ hissədə isə əgər bileti 1-7 fevral üçün alarsaq 523 AZN olacağını deyir. Əlbəttə ki, qiymətlərin belə baha olması COVİD 19 pandemiyası ilə əlaqədardır. Adətən Bakı-İstanbul gediş dönüş bileti AZAL ilə 380-450 AZN – dən başlayır. Bu (İstanbul) və bir neçə istiqamətdə daha ucuz biletləri isə Azərbaycan Hava Yollarının lowcost (Aşağı büdcəli aviaşirkət) – i olan Buta Airways ilə almağınız mümkündür. Lowcost-lar nəyə görə ucuzdur? Bu suala aşağıdakı bəndlərdə cavab verəcəm. İndi isə davam edək.Pəncərənin sol hissəsində isə siz Filtrlər bölməsini görürsünüz. Bu bölmədə siz qiymət, dayanacaqların sayı, baqajlı və ya baqajsız, uçuş müddəti və.s. kimi filtrlərə görə almaq istədiyiniz bileti təyin edirsiniz.Sizə uyğun olan kriteriyaları seçdikdən sonra sistem sizi partnyor şirkətin saytına yönləndirir (Trip.ru və.s.) və siz orada biletinizi rəsmiləşdirirsiniz.


Aviabilet aldığımız zaman nəyə diqqət etməliyik?

Mütləq diqqət edin:

Pasportunuzun etibarlılıq müddətinə

Onlayn bilet almaq və ya turizm şirkəti fərq etmir, ilk öncə pasportunuzun etibarlılıq müddətinin bitib bitməməsinə nəzər yetirin. Əslində onlayn saytlarda pasportunuzun müddəti bitibsə, sistem əməliyyatı götürmür amma yenə də siz diqqətli olsanız məsləhətdir. Əksi olsa həm səfərinizdən olacaq, həm də maddi ziyana düşəcəksiniz.

Ad, Soyad, Mail, Mobil Nömrəyə

Budur, siz biletinizi seçmisiniz və yeni səyahətinizin xəyalını qurursunuz. Lakin xəyal qurmaqda tələsməyin, çünki biletinizi alarkən 1 hərf səhvi belə sizi ciddi problemlərlə üz-üzə gətirə bilər. Ona görə bileti alarkən ad, soyad, mail və mobil nömrənizi düzgün daxil edin.

Tarifin baqajlı və ya baqajsız olmasına

Bəli, tarifin baqajlı və ya baqajsız olmasına mütləq diqqət yetirin. Ümumiyyətlə STAR Alliance birliyinin üzvləri olan aviaşirkətlərin, Misal üçün (AZAL, Türk Hava Yolları, Aeroflot, Lufthansa, Alİtalia, AirFrance, Qatar Airways və.s.) bunlar kimi Hava Yollarında adətən 23 kg baqaj və 10 kg əl baqajı tarif qiymətinə daxil olur. Lakin lowcoster – lərdə (Buta Airways, Ryanair, Wizzair və.s.)  yalnız əl baqajı tarif qiymətinə daxildir. Əlavə baqaj  isdəyirsinizsə əlavə rüsum ödəməlisiniz.

Check İn (Qeydiyyat)

Siz biletinizi aldıqdan sonra təyyarədə yerinizi seçə bilərsiniz. Lakin bu əməliyyatı uçuşa 24 saat qalmış yerinə yetirmək mümkündür. Bunun üçün uçuşa 24 saat qalmış, uçacağınız hava yollarının vebsaytına daxil olun və qeydiyyat bölməsində biletinizin nömrəsini yazaraq, təyyarədə yerinizi seçin. Əgər biletiniz AZAL ilədirsə, ən yaxşı yolu Google – da “AZAL check in” yazmağınızdır. Dediyim kimi, əgər uçduğunuz Hava Yolu lowcost deyilsə (Ukrayna Hava Yolları və bir neçə hava yolu şirkətini çıxmaq şərti ilə) check in etməyiniz mütləq deyil, Hava limanında da pulsuz qeydiyyatdan keçə bilərsiniz.

Əgər uçduğunuz hava yolu lowcostdursa (Buta Airways kimi), o zaman çalışın qeydiyyatınızı uçuşa 24 saat qalmış yerinə yetirin. Əks halda yerində qeydiyyata görə müəyyən rüsum ödəməli olacaqsınız.

Övladınızın etibarnaməsinə

Əgər yoldaşınız ilə səyahət etmirsinizsə, o zaman yoldaşınız övladınız üçün etibarnamə verməlidir.


Onlayn bilet almaq və endirimlərdən faydalanmaq

İndi isə endirimlərdən necə faydalanmağımız barədə danışaq. Bəli, Online bilet alarkən inanılmaz fürsətlər yaxalamaq olur. Hətta keçən dəfə bir tanışım Wizzair – in saytından 0,60 avroya bilet almışdı. Bizim pulnan 1 manat 20 qəpik. Nə qədər inandırıcı olmasa da, bu həqiqətdir. Hal-hazırda bu cür fürsətləri Wizzair və Ryanair kimi aviaşirkətlər bizə sunur. Bu lowcost hava yolları avropa daxilində gündə 100 – lərlə reys həyata keçirirlər. Aşağıda saytlarını qeyd edəcəm. Bizə düşən isə, vizamızı alıb avropaya yeni bir səyahət planlamaqdır. Ucuz biletinizi aldığınız zaman ucuz otelinizi də buradan ala bilərsiniz.

Ümumiyyətlə səyahətinizi həmişə 5-6 ay qabaqcadan planlayın. Wizzair və Ryanair kimi, Buta Hava Yollarının da erkən rezervasiyasından faydalana bilərsiniz. Bundan əlavə avropaya səyahətinizin ucuz başa gəlməyini isdəyirsinizsə, Wizzairin Gürcüstanın Kutaisi şəhərindən olan uçuşlarına nəzər yetirin.


Onlayn bilet almaq – Müsbət və mənfi cəhətlər

Müsbət cəhətlər

  1. Qiymətlərin çox turizm şirkətlərindən nisbətən ucuz olması
  2. Operativlik. Bilet almaq üçün şirkət ofisinə getməmək
  3. Daha çox seçim

Mənfi cəhətlər

  1. Onlayn dəstəyin yerli şirkətdən zəif olması
  2. Bilet alarkən səhvə yol vermək

Onlayn bilet almaq üçün saytlar


Tags