Dialoq

Xəyalında belə özün ol, onu irəli özünü geridə qoyub, arxasınca baxıb məyus olma.

D İ A L O Q.

 

- Sən əslində kim olmaq istəyirdin?

- Özüm.

-İndi özün deyilsən ki?

-Yox.

- Bəs kimsən?

-Sən.

-Mən kiməm ki?

- Sən də elə mənsən. Bilmirəm nə baş verir və niyə bir andaca çıxıb gəlirsən.

-Bəlkə  sənin tək qalmağını  istəmirəm.

-Mən indi tək deyiləm ki? Məgər yanımda kimisə görürsən ki?

- Şərt o deyil yanında kimsə olsun, şərt odur ki, daxilində də olmuş olsa dərdini bölüşəcək və səni təkliyi hiss etdirməyəcək biri olsun.

-Axı sən nəfər deyilsən. Say deyilsən. Əgər yanımda biri olarsa o zaman  iki nəfər olarıq.

- Bunun nəyi pisdir ki? Hesab et ki, kinoya gedirsən və bir bilet alıb iki nəfəri tamaşaya aparırsan.

- Deyəsən kinoya getməyi sevirsən?

-Sevirəm.

-Mən isə yox.

-Səndə sevirsən, sadəcə getməmisən, getsən sevərsən.

-Sən getmisən ki?

-Sənin xəyalın deyiləmmi? Əlbəttə getmişəm. Amma səni apara bilməmişəm.

-Niyə?

-Çünki həmişə xəyal etmisən. Amma bir dəfə də olsun xəyallarının gerçəkliyi üçün can atmamısan.

- Deməli sən mənim xəyalımsam.

- Demək olar. Amma ən doğrusu mən sənin xəyallarındakı sənəm.

-Özün necəsən?

-Mən sarıdan narahat olma, mən lap yaxşıyam. Sən özündən muğayat ol.

-Necə bəyəm.

- Dediyim odur ki, mən sənin xəyalın olaraq həmişə yaxşı olmuşam. Sənin xəyalın hara gedibdirsə  orada da olmuşam. Sayəndə heç bir çətinliyim olmayıb.

- Yaxşı ki, boynuna alırsan ki, bütün bunlar mənim sayəmdə olub.

-Olub olmasına, amma mən olmuşam sən yox.

- Yəni o dərəcədə.

-Aramızda böyük fərq var.

-Necə bəyəm?

- Sən xəyallarından çox-çox kiçik birisən, hətta görünməyəcək dərəcədə.

-Belə deee.. Demək mən sənin yanında gözə görünməyəcək qədər cılızam.

-Zəifsən.

-Nə mənada?

- Xəyalların nə qədər böyüyürsə sən bir o qədər kiçilirsən.

- Nə etməli?

-Özün olmalısan.

-Yəni?

-Sən tək deyilsən. Məni özündən ayırıb böyütdükcə, sən kiçilirsən və sonunda bu ayrılığın və bərabərsizliyin nəticəsində ruh düşkünlüyünə düçar olursan. Məni çox uzaqlara göndərirsən, özün isə bir addım da olmuş olsa belə ardımca gəlmək istəmirsən. Hesab elə ki, xəyalının sürəti işıq sürətidir və sən buna rəğmən adicə velosipedə minib ardımca gəlmək iqtidarında olmursan.

-Velosiped demişkən, velosiped almalıydım. yaxşı yadıma saldın.

-Bilirəm. Səhərlər durub bir neçə kilometr velosiped sürməli idin. Amma o da xəyal olraq qalır hələ ki.

-Sən işıq sürəti ilə velosipedin sürətini müqayisə edirsən?

-Sən yetərki ardımca gəlməyə cəhd elə. Mən geri qayıdıb sənə getdiyim yolda bələdçilik etməyə hazıram.

-Bu düzdün bənzətmə deyil?

-Nə üçün?

- Tutaq ki, mən xəyalımda hal-hazırda sözgəlişi desək Kanadada olmaq istəyirəm. Və hal-hazırda xəyalımda ordayam və götürsək ki, sən mənin xəyalımsan, demək sən hal-hazırda oradasan.

-Eyyyyy. Məni eşidirsənmi?

-Biraz yavaş kar deyiləm.

-Bilirəm kar deyilsən, sadəcə sənə onu sübut etmək istəyirəm ki, mən hal-hazırda Kanadada olsamda yenə səninləyəm.

-Bu necə oldu?

-Axı sənə dedim mənə işıq sürəti verirsən. Bir saniyə bundan əvvəl orda idim. Bu saniyə burda. Hətta bir saniyəyə bir neçə dəfə gedib gələ bilirəm. Təsəvvür edirsənmi?

-Bəs mən ora necə gedə bilərəm?

-Cavabın elə sualının özüdür.

-Anlamadım.

-Yəni sənin sualının cavabı elə sənin sualının özüdür. Öncə xəyal edirsən. Sonra isə özünə sual verirsən. Bəs mən ora necə gedə bilərəm? Başlayırsan maraqlanmağa. Maraqlandıqca da istəyin artır və məqsədini gücləndirir.

-Aha! Məqsəd.

-Bəli məqsəd.

-Yaxşı! Bir sual verim. İndi sənin məqsədin nədir?

- Sən olmaq.

-Bəs mənin məqsədim?

-Mən olmaq.

-Biz niyə bir-birimiz olmaq istəyirik ki?

- Bir-birimiz yox, biz olmaq istəyirik. Əgər bir-birimizdən uzaqlaşmayıb birgə addımlayaraq daim bir-birimizin yanında olsaq və ən əsası biz olsaq o zaman bu qədər ruh düşkünlüyünə düçar olmarıq və ümidsizliyə qapılmarıq. Məni özündən uzaqlara göndərmə ki, məndən uzaq olmayasan.

-Bunu necə edə bilərəm?

-Gercək ol. Varlığını hiss etdirəcək dərəcədə gerçək ol. Düşündüklərini az da olmuş olsa belə həyata keçirəcək qədər gercək ol. Edəcəyini düşünmə. Etdiklərini düşün. O zaman etmədiklərin ilə üzləşməli olacaqsan. Peşman olsan belə onları düzəltmək üçün cəhd etməyin belə səni realist birinə çevirməyə başlayacaqdır. İlk başda cavab verdiyin kimi, Özün ol.

 

Mehman Hüseyn.

29.01.2021

 

 

 

 

 

Tags