İmam Səccadın (ə) “Hüquq Risaləsi” - Müqəddimə:

“Hüquq Risaləsi”

İmam Səccadın (ə)


Müqəddimə:

İstedad və zövq sahibi bir rəssamın müxtəlif rəsm əsərləri yaratması təəccüblü olmadığı kimi, xaliq, daimi feyz və gözəllik bəxş edənin xəlq etməsi və yaratması da təəccüblü deyi! Yaranan yeni varlığın adı isə “insan” idi. Ona ən çox bənzəyən, Ona ən çox yaxınlaşa bilən, Onun xəlifəsi ola biləcək bir varlıq. Bu varlığın fitri olaraq daxilində olan istək və hədəfi səadət və kamala çatmaq idi. Bu hiss Xaliqi tərəfindən onun zatında yerləşdirilmişdi.  O, daim inkişaf etmək, ucalmaq niyyətində olacaqdı. Lakin nələrin onun kamalına və nələrin tənəzzülünə səbəb olduğunu dəqiqliklə bilmirdi. Elə bu səbəbdən, bəzən bunları səhv salır və ucalmaq istəməsinə baxmayaraq, tənəzzülə uğrayırdı. Tarix bu kimi faktlarla doludur.

Ümumiyyətlə, islam dininə əsasən, kamil varlıq məhz Allahdır. Belə olan halda, kamillik yolu da Ona tərəf gedən yol olsa gərək. Elə bu səbəbdəndir ki, islam dini insanın hədəfini “İlahi qürb (yaxınlıq)” olaraq təyin etmiş və bütün ibadətlərin qəbul olma şərti olaraq vurğulamışdır.

İnsanın kamal və tənəzzülü ilə əlaqəli olan məsələlərdən biri də, boynunda olan bir sıra haqlardır. O, səadətə çatması və tənəzzülün qarşısını almaq üçün bu haqq və vəzifələri bilməli və icra etməlidir. Bu haqları ən yaxşı bilən və insanın səadət yolunu ən düzgün tanıyan, ümumiyyətlə nəyin kamal olub, olmamasını təyin edən onun yaradıcısıdır. İnsanın ağlı məhdud olduğundan bu şeyləri bilməməsi və icra metodundan xəbərdar olmaması təbiidir. Bu məsələni dərk etmək üçün insanlar tərəfindən yaradılan ideologiyalara nəzər salmaq kifayətdir. Bugünədək insan tərəfindən yaranan hər yeni ideologiya süquta uğramış və praktiki olaraq da xalqlara, bədbəxtçilikdən başqa bir şey ərməğan etməmişdir.

Odur ki, səadətin nə və nədə olduğunu, buna çatmaq yollarını insana məhz onun yaradıcısı, Allah anlatmalıdır. Lakin bir sıra məhdudiyyətlər, bu işin bir başa olaraq özü tərəfindən görülməsini mümkünsüz edir. Çünki nə O cism olub, bizim aramıza gələ bilir, nə də biz, hamımızla bir-bir əlaqəyə keçməyə layiqik. Odur ki, bu missianı bir sıra seçilmiş şəxslərə, peyğəmbərlərə tapşırır.

O, insanlara baxıb, onların içindən bu işə ən münasib olan 124 min nəfəri seçir. Onları din, yəni düzgün həyat tərzi və səadətə çatmaq üçün proqramla insanlar arasına yollayır. Allaha görə, insanların səadətə çatmaları üçün göndərilən dinə əməl etmələrindən başqa çıxış yolları yoxdur.

İllər keçdikcə insan inkişaf edir, ehtiyacları da dəyişir. Elə bu səbəbdən Onun “din” adı altında təqdim etdiyi göstərişlər də dəyişir və daha da təkmilləşir. Çünki sonsuz səadət yolunda addımlamaq üçün din və həyat proqramı kamil olmalıdır. Allah tərəfindən göndərilmiş elçilər çox zəhmətlər çəksələr də, insanların əksərindən “yox” cavabı eşitdilər. Bunun səbəbini artıq qeyd etdik. Onlar ucalmalarına və alçalmalarına səbəb olacaq məsələləri düzgün seçə bilmirdilər. Elə bu səbəbdən, dinin göstərişlərinə əməl etməyi tənəzzül və xoşbəxtliyin ziddi olaraq görürdülər.

Quran peyğəmbərlərin əsas missiasından danışarkən bildirir:

“Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli həyat sürsünlər (ədalətin icrasının təminatçısı olsunlar). Biz dəmiri də nazil etdik..” (Hədid 25)

Qeyd etdiyimiz kimi, Allah insanları səadətə çatdırmaq üçün peyğəmbərləri yolladı. Peyğəmbərlər öz üzərində işləmiş, həyatlarını pak olaraq yaşayan şəxslər idi. Elə bu səbəbdən Allah, insanlarla öz arasında onları vasitə qərar verdi. İnsanları qane edə bilsinlər deyə onlarla birlikdə “aydın dəlillər” də göndərdi. Bundan əlavə, onları düzgün həyat tərzi üçün lazım olan qanunlardan xəbərdar etmək üçün “kitab”, ictimai ədaləti bərqərar etmək və haqqı batildən əməli və praktiki olaraq ayırmaq üçün isə “mizan” nazil etdi. Peyğəmbərlər mizandan istifadə edərək, haqq cəbhəsini batil cəbhəsindən ayırd edərək, ictimai ədaləti qurmaq niyyətində idilər. Amma bu missia xalqın və insanların öz əli ilə icra olunmalı idi. Elə bu səbəbdəndir ki, Quran “insanlar ədalətli həyat sürünlər (ədalətin icrasının təminatçısı olsunlar)” deyir. Yəni bütün bunlar insanların öz iradələri və zəhmətlərindən asılıdır və yük onların üzərinə düşür. Lakin bu yolda batil cəbhəsi də sakit oturmayacaq və müqavimət göstərəcəkdi. Bunu öncədən planlaşdıran və nəzərə alan Allah, “Biz dəmiri də nazil etdik” deyir. Yəni düşmənin islaha müxalif çıxmasına qarşı dəmirdən istifədə olunmalı idi. Bıçaq pisdir, lakin söhbət, bir şəxsin həyatını xilas etmək üçün cərrahiyyə otağında istifadə olunan bıçaqdan gedirsə artıq məsələ dəyişir. Bu zaman bıçaqdan istifadə etmək nəinki pis, hətta vacibdir. İlahi dinlər təzyiq və zor gücdən istifadənin tərəfdarı deyil, lakin əgər məsələnin həlli, ictimai ədalətin qurulması, zülmün aradan getməsi buna bağlıdırsa, çarəsizlik qalıb, müharibəyə əmr edir.

Quran başqa bir ayədə buyurur:

“Allah möminlərə, öz aralarından onlara (Allahın) ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir Elçi göndərməklə minnət qoymuşdur. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.” (Ali-İmran 164)

Bu ayədə də Allah peyğəmbərlərin göndərilmə missiasından söz açır. Peyğəmbərlərin əsas hədəfi mühiti, insanların Allaha çatması üçün hazır vəziyyətə gətirmək və maneələrdən təmizləmək idi. Hər ağacın bar verməsi üçün özünə məxsus şəraitə sahib olduğu kimi, insanların da Allaha çatmaları üçün ətraf mühit lazimi şəraitə sahib olmalıdır. Peyğəmbərlər qəsbkar, zalım, insanları Allahdan uzaqlaşdıran, səadətə çatmalarına maneçilik törədən, azadlıqlarını əllərindən alıb, qul olaraq istifadə edən, cəhaləti yayan rejim və şəxslərlə mübarizə apararaq, bu şəraiti hazırlayırdılar. Bütün bunlar isə insanları çirkinliklərdən təmizləyib, onlara kitabı öyrətməklə mümkündür. Məhz bunun sayəsində, cəmiyyət ədalət və insafa bürünəcək, zülm və pisliklərdən xilas olacaq.

Beləliklə, peyğəmbərlər Allah tərəfindən bu məqsədlə göndərildilər. Nəhayət növbə sonuncusuna çatdı. O da öz üzərinə düşən missianı lazımi şəkildə həyata keçirib, insanların səadət yolunda addımlaması üçün lazım olan hər şeyi tamamladı. Səadət yolunun Qiyamətədək davam etdiyinə görə sonuncu Peyğəmbər (s), bu yolun qaydalarını və özündən sonrakı bələdçisini də hökmən təyin etməli idi. Çünki sonlanan səadət yolu yox, peyğəmbərlik missiası idi. Odur ki, sonuncu Peyğəmbər qanunlar toplusu olan “Quran” və bütün peyğəmbərlərin getdiyi yolun yeni bələdçiləri olan məsum imamları əmanət olaraq bəşəriyyətə təqdim etdi. İmamların vəzifəsi yolu tamamlamaq deyildi, çünki yol sonuncu Peyğəmbər (s) tərəfindən tamamlanmışdı. Onların boynuna düşən insanların bu yolu başqa yollarla səhv salmalarına mane olmaq, bu yolda addımlayanları təhlükələrdən xəbərdar etmək və səadətə çatmalarına yardımçı olmaq idi.

Peyğəmbərlərin davamçıları olan məsum imamlar da (ə) onların missiasını eynilə davam etdirdilər. Onlar bu hədəfə çatmaq üçün uzun müddətli planlar cızır və səbrlə həyata keçməsinə çalışırdılar. Bəzən 25 il gözdə çöp, boğazda tikan halında səbr edir, bəzən ədalət hakimiyyəti yaradır, bəzən sülh edir, bəzən başından və yaxınlarından keçir, bəzən evində dua ilə məşqul olur, bəzən elmi məktəb inşa edir, bəzən həbsxanalarda yatır, bəzən gizli təşkilatlar və şəbəkə sistemi qurur, bəzən isə qeybə çəkilərək, missiasını müvəqqəti olaraq fəqih və səlahiyyətli alimlərə ötürür. Hər bir halda, onlar da batillə mübarizə aparıb, insanların səadət və Allaha gedən yolda rahat addımlamaları və maneəsiz olaraq, sürətlə Ona çatmalarına çalışırdılar.

Bu missianın daşıyıcılarından biri də “Səccad” ləqəbli İmam Əli bin Hüseyn (ə) olub. Hər bir imam, yaşadığı zaman və məkanın şəraitinə uyğun olaraq Allah tərəfindən  verilmiş missianı həyata keçirib. Bu vəzifə heç bir zaman tətil ola bilməz, çünki bu, Allahın insanlar üçün təyin etdiyi bir hədəfdir və insan olduqca səadətə çatması da labüddür.

İmam Hüseynin (ə) şəhadətindən və Kərbəla faciəsindən sonra islam ümməti böyuk qorxuya düşmüş, ciddi sarsıntı yaşamışdı. Təsəvvür edin ki, Peyğəmbər (s) balası, Cənnət cavanlarının ağasının başı kəsilir, ailəsi əsir düşür və küçə küçə gəzdirilir. Bu gün sizin üçün müqəddəs olan bir şəxsi ağlınıza gətirin və bu hadisələri, o və ailəsi barədə təsəvvür edin. Nə hala düşərsiniz? İmam Səccadın (ə) dönəmində olan müsəlmanlar məhz bu halda idilər. Düşmənlər İmam Hüseynin (ə) geridə qoyduğu ailəsini öldürmək üçün bəhanə axtarır, Onun (ə) şiələrini ciddi təzyiq altında saxlayırdılar. İmam Səccad (ə) bir tərəfdən belə bir ağır şəraidə idi, digər tərəfdən isə tətil olunmayan İlahi vəzifəsi (insanlara səadətə aparan yolda dəstək olmaq) var idi. Elə bu səbəbdən İmam (ə), şəraitə uyğun olaraq metodunu dəyişdi və vəzifəsini, şəraitlə tənzimləyib, ən münasib formada icra etdi. Həmin metod məhz “dua və münacat” metodu idi.

İmam (ə) bu məqsədlə “Səccadiyyə səhifəsi” adlı dualar toplusunu ərsəyə gətirir. Digər tərəfdən isə, insanların səadətə çatmaları üçün boyunlarında olan haqq və vəzifələrdən danışır. İnsanın yaradana qarşı olan haqqı, valideynə qarşı olan haqqı, öz daxili hislərinə qarşı olan haqqı və.s. Səadət və kamal yalnız bu haqlar ödənildiyi və vəzifələrin icra olunacağı zaman ələ gələcəkdi. Elə bu səbəbdən İmam (ə), bu ağır şəraitdən istifadə edərək, növbəti imamlar üçün şəraiti hazırlayır və onların görəcəyi işi nəzərə alaraq, kadr hazırlayırdı.

Bizim bəhs edəcəyimiz mövzu, qeyd olunan haqlar barədə olacaq. İmamın (ə), “Hüquq risaləsi” olaraq adlanan bu nurani ifadələrini birlikdə oxuyacaq və anlamağa çalışacağıq. Bizim, “Azərbaycan vətəndaşı” olaraq bir sıra haqq və vəzifələrimiz var. Bu vəzifələrə əməl etməsək cəzalanar, həm də ictimai rifaha çata bilmərik. “Allahın bəndəsi” olmağın da özünə məxsus vəzifələri vardır. Bu vəzifələri öyrənib, icra etməliyik ki, sonsuz səadətə çataq.

Biz, səadətə və kamala çatmaq istəyirik. Bunun üçün bu yolun yolçularına və bələdçilərinə müraciət etməliyik. Onlar isə əsasən 2 şey edirlər; Əvvəla yolda lazım olan məsələləri bizə çatdırır, ikincisi isə yolda olan maneələrlə mübarizə aparır. Onlar insanları bir-bir deyil, kütləvi olaraq Allaha çatdırmaq niyyətindədirlər. Başqa sözlə desək “kamil insan yaratma fabriki” icad etməyə çalışırlar. Bu yolda onlara mane törədənlər hökmən olacaq, lakin “(Xeyirli) aqibət təqvalılara məxsusdur” (Qəsəs 83).

Allah bizim hamımıza boynumuzda olan haq və vəzifələri tanıyıb, icra etməkdə və bununla da əbədi səadət və kamala çatmaqda yardımçı olsun!

Ruhullah Novruzzadə
12.12.2017


Tags