Hüquq risaləsi - Dərs 1

İmam Səccadın (ə) "Hüquq risaləsi" bəhsləri - Birinci dərs

“Hüquq Risaləsi”

Bəhs (1)

                İlk olaraq, bu bəhslərə başlamaq üçün bizə şərait yaradan Allaha şükür edir, zehnimizə və qələmimizə dəstək olmasını Ondan diləyirəm. Bizim hidayət və səadətə çatmağımız üçün göndərdiyi Rəsulunu (s) və pak Əhlibeytini (ə) salam və salavatla yad edir, bu hədəf uğrunda çəkdikləri zəhmətlərin şükrünü əda etməkdən aciz olduğumu etiraf edirəm. Məsum İmamın (ə) qeybə çəkildiyi bir dövrdə bu hədəfin (insanların səadətə çatması) reallaşması üçün təyin olunan fəqihi və müsəlmanlarını liderini, Ayətullah uzma Xameneini də yad etməyi özümə borc bilir, islam ümməti üçün çəkdiyi zəhmətlərə görə sonsuz minnətdarlığımı bildirir, düşmənlərinin məhvini Allahdan diləyirəm!

                Bəhsimizə gəlincə...

İnsan tərəfindən yaradılan məktəb və ideologiyalar bir sıra dəyərləri müdafiə edir, bir sıra böhranların isə cəmiyyətdən təmizlənməsi üçün çalışır. Məsələn: İnsan azadlığı, söz və düşüncə azadlığı, ədalətin icrası, zülm və ayrı seçkiliyin aradan getməsi, irqçilik və tayfaçılığa son qoyulması və.s. Bəşəriyyətin bu gün anladığı və mütərəqqi olaraq hesab etdiyi dəyərlər, Allah tərəfindən göndərilən şəxslərin ilk mesajlarında yer almışdır. İlahi şəxsiyyətlər insanları qul olmaqdan azad etmək, ictimai ədaləti bərpa etmək, təbəqələşmənin qarşısını almaq üçün əllərindən gələni etmişlər. Sonuncu və ən kamil din olan islamda bütün bu dəyərlər və böhranların həll yolları yer almışdır. İnsanın səadəti üçün lazım olan hər bir məsələ islam mədəniyyətində mövcuddur. Biz həm özümüzün, həm də dünyamızın səadətə çatması və rifah içində yaşamasını istəyirik, elə bu səbəbdən islam mədəniyyətinin yayılmasının tərəfdarıyıq.

Bizi yaradan Allahdır və bizim maddi və mənəvi ehtiyaclarımızı da ən yaxşı O bilir. Lakin O, bəzən kitab, bəzən isə insanların dili ilə bəşəriyyətə xitab etmişdir. İlahi mədəniyyəti insanlara çatdırmaqda vəzifələnən şəxslərdən biri də Əli bin Hüseyn (ə)-dır. İmam Səccad (ə) istifadə etdiyi dua və münacat metodu ilə insani dəyərlərin müdafiəçisi olan islam mədəniyyətini bəşəriyyətə təqdim etmişdir. Bəhs edəcəyimiz hüquq risaləsi bizə insan olaraq yaşamağı öyrədəcəkdir. İmamın (ə) bu risalədə qeyd etdiyi hüquqlar kamil formada icra olunarsa, dünyada rifah və ədaləti praktiki olaraq hiss edəcəyik. İmam (ə) bu risaləni bütün bəşəriyyətə təqdim edir. Başqa sözlə desək bu, Beynəlxalq Hüquq Risaləsi hesab olunur. Dərslərdə iştirak edənlərdən xahişimiz budur ki, deyiləcək məsələlərə əməl etmək, həyatımızda formalaşdırmaq üçün ciddi cəhd göstərək! Çünki bu mədəniyyətin yayılmasını istəyiriksə ilk olaraq özümüz buna əməl etməliyik! Dünya sən və məndən ibarətdir, gəlin bir-birimizin düzəlməsinə və islah olmasına yardımçı olaq.

Bu gündən etibarən Onun izni ilə bəhslərimizə başlayırıq!

Qeyd etmək lazımdır ki, İmam Səccad (ə) ilk olaraq insanın boynunda olan vəzifələrin bölgüsünü aparır və yalnız sadalamaqla kifayətlənir. Bunu ona görə edir ki, insan daimi olaraq məsuliyyət və vəzifədə olduğunu anlasın və hiss etsin, həm də məsələylə bağlı ümumi düşüncə sahibi olsun və mətləbləri zehnində rahatlıqla saxlayıb, nizama sala bilsin.

-İmam Səccad (ə): “Bil ki: Etdiyin hər bir hərəkətdə, sakitlik və ya aramlığında, ələ gətirdiyin məqamda, bədən üzvlərində, işlətdiyin vəsilənin hər birində, Allahın sənin boynunda haqqı vardır və bu hüquqlar səni əhatə etmişdir. Onların bəziləri digərinə üstündür."

İmam (ə) ilk olaraq, insanın hər bir halda İlahi hüquqla büründüyünü vurğulayır. İstər hərəkət, istər aramlıq zamanı, istər danışdığımız, istər sakitlik zamanı, sahib olduğumuz məqamdan asılı olmayaraq hər bir hal və şəraitimizə uyğun olaraq vəzifə və məsuliyyətimiz vardır. Varlığımızı belə Ona borclu olduğumuz halda niyə də belə olmasın? Axı mümkündürmü ki, uca hikmət sahibi olan Allah, öz məxluqunu əbəs və faydasız olaraq yaratsın? “Xəlifə” olaraq adlandırdığı insan üçün vəzifə və məsuliyyətsiz anlar qərar versin? Demək həyatımızın hər bir anı məsuliyyətlə doludur və səadəti ələ gətirmək yalnız bu məsuliyyətlərə əməl olunduğu təqdirdə mümkündür. Nəticə etibarı ilə hər an çalışmalı və hədəf uğrunda səy göstərməliyik. Bu məntiq və ideologiyaya əsasən, İlahi dinlərdə istirahət, bekarçılıq, ruhiyyəsizlik, ümidsizlik kimi ifadələr mənasızdır. Hər bir anında vəzifəsi olan şəxs ruhdan düşərmi, yorularmı, istirahət üçün vaxt taparmı, ümidsizliyə qapılarmı? Əgər bizdə bu hallar baş verirsə bilək ki, bunun səbəblərindən biri məhz boynumuzda olan hüquq və məsuliyyətləri bilməməyimizdədir.

Odur ki, gəlin birlikdə hüquq və vəzifələrimizi tanıyıb, bu böhranlara son qoyaq! Lakin diqqət edək ki, bu hüquq və məsuliyyətlərin özü də müxtəlif növdür: ”Onların bəziləri digərinə üstündür.” Deməli biz, icrası səadətimizə səbəb olacaq vəzifə və məsuliyyətimizdən əlavə, onların növlərini də bilmək üçün Allaha və nümayəndəsinə ehtiyaclıyıq. Biz bu qədər acizik! Nə xəstə olduğumuzdan, nə onun növündən bizi sağaldacaq dərmandan! Belə olan halda, niyə bizim üçün can yandıran, bizim cəhalətdən və heyrətdən ayılmağımız üçün qəlbinin qanından belə keçənlərin (Ərbəin ziyarətnaməsi), səadət yolumuzu bilənlərin axtarışında olmayaq? Əhlibeyt məhz bu özəlliyə sahib olan şəxslərdir. Onlar bizim islahımız üçün zülmlər görən, əziyyətlərə qatlanan şəxslərdir. “Mən, Cəddim Rəsulullahın (ə) ümməti islah olsun deyə qiyam etdim” cümləsi Kərbəlada bütün varlığından keçən şəxsiyyətin övladının sözləridir. Onu seviriksə niyə Onun (ə) hədəfinin reallaşması üçün çalışmırıq? Niyə islahımız üçün vaxt ayırmır və proqram cızmırıq?

Allahın izni və məsumların (ə) dəstəyi ilə bu məqsəd uğrunda birlikdə addımlayacağıq.

Ruhullah Novruzzadə

R.Novruzzada@gmail.com

Tags