Hüquq risaləsi - Dərs 2

Bu dərsdə: İnsanın boynunda olan ümumi haqlar barədə.

“Hüquq Risaləsi”

Bəhs (2)


Onun adı ilə..

Keçən dərs qeyd etdik ki, insanı yaradan Allah, onun səadətə çatması üçün bir sıra hüquq və vəzifələr təyin edib. İnsanın bu hüquq və vəzifələri yerinə yetirmədən səadətə çatması mümkün deyil. Bu səbəbdən, ilk olaraq bu vəzifələrimizi tanımalı, daha sonra isə özümüzdən başlayaraq, ətrafımızda da formalaşdırmalıyıq.

Gəlin birlikdə İmamın (ə) sözlərinin davamını oxuyaq;

-İmam Səccad (ə): “Allahın sənin boynundakı ən böyük haqqı, sənə vacib etdiyi Öz haqqıdır. Bu haqq, bütün haqların mənşəyi və köküdür.”

                İlahi ideologiya əsasında yaşamaq, müsəlman olmaq istəyiriksə boynumuzda olan İlahi haqları tanımalı və icra etməliyik.
Yalnız Ona bəndə olmalı və yalnız Ondan yardım istəməliyik!
Yalnız Ona arxalanmalı və yalnız Ona itaət etməliyik!
Yalnız Onu qanunverici olaraq tanımalı və yalnız Onun qanunlarına tabe olmalıyıq!
Yalnız Onu ibadətə layiq bilməli və yalnız Ondan qorxmalıyıq!

                Allahın bizim boynumuzda olan haqları, sahib olduğumuz digər haqq və vəzifələrin köküdür. Yəni, digər hüquqların hamısının qayıdışı və mənbəyi İlahi hüquqdur.

                Məsələn çox eşitmisiniz ki, haqları bir bölgü əsasında “Allahın haqları” (haqqullah) və “insanların haqları” (haqqunnas) olaraq iki hissəyə bölünür və  insan haqları daha çox önəmə sahibdir. Məsələn kiminsə qeybətini etmək insan haqlarından hesab olunur və belə olan halda qarşı tərəfin razılığı əldə olunmalıdır. Lakin belə deyil ki, qeybət olunan tərəfin haqqını halal etməsi ilə məsələ sonlansın. Əslində qeybət edənin boynuna 2 haqq gəlir; birinci haqq qeybət olunanın haqqı, ikinci haqq isə qeybəti haram edən Allahın haqqı. Qeybət olunduğu zaman, qeybət olunanın razılığını əldə etməyimizin zəruri olması kimi (insan haqqı), qeybəti haram edənin də razılığını almağımız zəruridir (Allahın haqqı).

                Odur ki, gördüyünüz kimi hətta insan haqları (haqqunnas) kimi qələmə verdiyimiz haqların belə, kökü İlahi haqdır. Bəhslərimizin davamında bu məsələni daha aydın formada dərk edəcəksiniz.

-İmam Səccad (ə): “İkinci dərəcədə isə sənin üzərinə olan öz haqqındır. Belə ki, başdan ayağa, bədənlərin və əzaların müxtəlif fərqlərini nəzərə almaqla, səndən ötrü hüquq vacib etmişdir. Gözündən, qulağından, dilindən, əllərindən, ayaqlarından, qarın və cinsiyyət orqanından ötrü sənə haqq təyin etdi. Bütün əməllər bu yeddi əzalarla yerinə yetirilir.”

İnsana, Allahın haqqından sonra vacib olan ikinci dərəcəli haqq isə, özünə qarşı olan haqq və vəzifələridir.

İnsan adətən özündən və özünə qarşı olan vəzifələrindən qəflətdə olur.
Namazına diqqətli olmağa çalışan (İlahi haqq) nə çox insanlar görmüşük ki, özünə qarşı olan hüquqlarından xəbərsizdir.
İnsanlara xidmət etmək, onlara qarşı vəzifələrini icra etməyə çalışan nə çox insanlar var ki, özlərinə qarşı olan vəzifələrə nisbət səhlənkardırlar.

Əslində belə bir şey mümkün deyil! Yəni İlahi haqları kamil formada icra edənlər, təbii olaraq özlərinə qarşı olan vəzifələri də icra etmiş olurlar və ya özlərinə qarşı olan vəzifələrini layiqincə icra edənlər, əslində insanların haqqını da icra etmiş olacaqdır. Lakin çox təəssüf ki, insanların qəfləti səbəbilə yuxarıda qeyd olunan problemlərlə qarşılaşırıq. Yəni imandan dəm vuran və ibadətin müsbət təsirlərindən danışanların özlərinə qarşı olan vəzifələrdən qəflətdə olduğunun şahidi oluruq.

Elə bu səbəbdəndir ki, İmam Səccad (ə), İlahi haqdan sonra bu hüquq və vəzifələrdən söz açaraq, onun önəmini insanlara çatdırmaq və bu barədə olan qəflət pərdələrini aradan aparmağa çalışır.

Bəs nədir insanın özünə qarşı olan vəzifələri?

İmam (ə), sözlərinin davamında bədəndə olan 7 üzvün adını çəkərək, insanın bütün iş və fəaliyyətlərinin bu üzvlərdən qaynaqlandığını bildirir. Göz, qulaq, dil, əllər, ayaqlar, qarın və cinsiyyət orqanı. Bu risalə ilə insanları mənəvi vəzifələrindən xəbərdar etməyə çalışan İmam (ə), insanın mənəvi baxımdan yüksəliş və tənəzzülünü bu 7 üzvlə əlaqələndirir.

Gördüyünüz kimi İmam (ə), risalənin müqəddiməsində insanların sahib olduqları haqq və vəzifələri bölməklə məşquldur. Buna səbəb isə, səadətə çatmaq üçün zəruri olan bu haqq və vəzifələrin oxucuların zehnində nizamlı olaraq qalması və rahatlıqla əməl edə bilmələridir. Növbəti dərsimizdə bu bölgünün davamı bəyan olunacaqdır.

Son olaraq bir daha qeyd etmək lazımdır ki, bizim müsəlman və səadətə çatmaq istəyən şəxs olaraq ilk vəzifəmiz bu haqq və vəzifələrdən xəbərdar olmaq, daha sonra isə özümüzdə, ailəmizdə və cəmiyyətimizdə reallaşdırmaqdır.

Allah hamımızı bu yolda müvəffəq etsin!

Ruhullah Novruzzadə

R.Novruzzada@gmail.com


Tags