Bu dərsdə: İnsanın boynunda olan ümumi haqlar barədə.

“Hüquq Risaləsi”

Bəhs (3)


Onun adı ilə..

Keçən dərslərdə qeyd etdik ki, İmam Səccad (ə) insanın boynunda olan haqlar barədə geniş formada danışmadan öncə, onlar arasında qısa və müqəddimə xarakterli bölgü aparır. Məsələni bu formada bəyan etmək, mövzunun dinləyicinin zehnində daha nizamlı olaraq qalması üçün ola bilər.

Dinləyici, mövzunun qısa və konkret şəkildə bəyan olunmasını xoşlayır. Adətən natiqlər, dinləyiciyə hansısa geniş mövzunu çatdırmaq istədikləri zaman, onların yorulmalarının qarşısını almaq və məsələni diqqətlə dinləmələri üçün, mövzunun əhəmiyyət və zərurətini qısa müqəddimə ilə dinləyiciyə çatdırmağa çalışırlar. Görünən budur ki, İmam (ə) da, geniş məsələ barədə danışacağı üçün, ilk öncə dinləyiciyə məsələnin önəm və dəyərini anlatmağa çalışır.

Gəlin birlikdə İmam (ə)-ın sözlərinin davamını oxuyaq:

“Sonra Allah-təala, əməllərindən ötrü sənə haqq təyin etmişdir. Namazının, orucunun və zəkatının sənin boynunda haqqı vardır. Qurbanlığının da sənin boynunda haqqı vardır. İşlərindən ötrü də hüquqlar vardır.”

İmam (ə) sözlərinin bu yerində diqqəti, insanların əməlləri müqabilində sahib olduqları haqlarına çəkir.

O Həzrət (ə), əməlləri ibadət və qeyri ibadət olaraq 2 hissəyə bölərək, insanın bütün əməllərinin özünə məxsus haqqa sahib olduğunu bəyan edir. Quran ayəsi də bu barədə buyurur: “Şübhəsiz ki, qulaq, göz və ürək – bunların hamısı barəsində sorğu-sual olunacaqdır.” (İsra 36)

İmam (ə) davamında buyurur:

“Sonra hüquqlar, can və cism dairəsindən kənara çıxıb, sənin üzərində haqqı olanlar tərəfə gedir. Beləliklə, bütün bu haqların hamısından ən vacibi, rəhbərlərinin sənin üzərindəki haqqıdır. Sonra rəiyyətin haqqı, sonra qohum-əqrəbaların haqqı.”

İmam (ə) sözlərinin bu hissəsində, insanın bədən üzvlərinə qarşı vəzifələrinə son qoyaraq, məsələyə fərqli aspektdən yanaşır.

İmam sözünün əvvəlində cəmiyyəti 2 hissəyə bölür: idarə edənlər və idarə olunanlar. Buyurur ki, əgər idarə olunansansa bil ki, sənin rəhbərinə qarşı vəzifələrin var. Onları bilməli və layiqincə icra etməlisən. Yox əgər idarə edənsənsə bil ki, sənin rəiyyət və rəhbərlik etdiyin şəxslərə qarşı vəzifən var.

Əgər insanlar liderinə dəstək olmasa o, cəmiyyətdə nizam intizamı yarada, insanların təhlükəsizliyini qoruya və ədaləti icra edə bilməz. Xüsusən bu lider İlahi və dini liderdirsə (hansı ki, bizim mövzumuz məhz budur), ona dəstək olmamaq həm fərd olaraq insanın, həm də cəmiyyətin səadətdən uzaqlaşmasına səbəb olacaqdır.

Müəyyən bir qrupa liderlik edən şəxs də öz növbəsində bilməlidir ki, onlara qarşı vəzifələri var və bu vəzifələrə əməl olunmayacağı təqdirdə rəiyyət ruh düşkünlüyü yaşayacaq, şəkkə düşəcək və təbii olaraq lideri dəstəkləyə bilməyəcək və ona qarşı vəzifələrini icra edə bilməyəcək. Belə olan halda isə yenə də cəmiyyət, hədəfi olan səadət və kamaldan geri qalacaqdır.

Qeyd edək ki, “idarə edən” və “idarə olunan” mövzusu, cəmiyyətin bütün özək və qruplarına aiddir. İstər ən kiçik özək olan ailə, istərsə də ölkənin idarəçiliyi. Yəni həm, ailənin idarəçisi olan atanın digərlərinə nisbət vəzifələri var, həm də digərlərinin ataya nisbət. Həm ölkəni idarə edən (dini) liderin xalqa qarşı vəzifələri var, həm də xalqın ona qarşı.

İmam (ə) sözünün davamında, insanın qohumlarına qarşı olan vəzifələrini də xatırladır.

Cəmiyyətin müsbət mənada formalaşmasına və düzgün mədəniyyətin ərsəyə gəlməsini özü üçün orta hədəflərdən seçən islam dini, “qohum” məsələsinə ciddi dəyər verir.

İnşallah qismət  olsa, bəhsimizin davamında bu və digər haqlar barədə geniş söhbət edəcəyik.

Allahdan hamımıza ixlas və mənəvi günlər arzu edirəm.

Ruhullah Novruzzadə

R.Novruzzade@gmail.com

Tags