Bu dərsdə: Rəhbərin insan üzərində olan haqqı nədir? Siyasətdən məqsəd nədir? Din ilə siyasətin əlaqəsi nədən ibarətdir? Din siyasətdən ayrıdırmı?

“Hüquq Risaləsi”

Bəhs (4)

Onun adı ilə..

Ötən dərs qeyd etdik ki, insanın boynunda olan hüquqlardan biri də, rəhbərin insan üzərində olan haqqıdır. Yəni səadətə, rahatlıq, xoşbəxtlik, inkişaf, təkmilləşmək istəyən hər bir insan bu hüquq və vəzifələri tanıyıb, daha sonra isə icra etməlidir. Əks halda qeyd olunan üstünlüklərdən söhbət  gedə bilməz.

                İmam (ə) sözünün bu hissəsində, məsələnin önəmini nəzərə alaraq, bu mövzunu daha geniş formada bəyan edərək buyurur:

                “Sənin rəhbərlərinin sənə olan haqqı üç haqqdır: Onlardan, sənin boynundakı ən vacib haqqı o kəsin haqqıdır ki, sənə siyasi cəhətdən rəhbərliyi və himayəti var. Sənin işlərinin sahmana düşməsi onun əlindədir.”

Biz, bu dərsimizi yalnız bu məsələyə aid etmək niyyətindəyik. Gəlin birlikdə «İslamda siyasi lider anlayışı” məsələsinə qısa da olsa toxunaq.

1.Siyasətdən məqsəd nədir?

(Politics), dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması, idarəçiliyi, idarəçilik sisteminin təyini, istifadə olunması ilə bağlı fəaliyyət sahəsi. Başqa sözlə desək, müəyyən hədəflər uğrunda qüdrətin emal olunmasına deyilir. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır.


Siyasi lider dedikdə isə, (müəyyən yollarla) bu qüdrəti ələ keçirən və ya ələ keçirmək istəyən şəxs nəzərdə tutulur.


Bildiyiniz kimi, müasir dövrdə “siyasət” məfhumu modern dövlətlərin yaranmasından sonra daha çox gündəmə gəlmişdir. Xalq, cəmiyyətin idarəçiliyi üçün görülməsi lazım olan müxtəlif işlərin vahid mərkəz tərəfindən həyata keçirilməsi barədə qərar qəbul edir və  “Qanun təyin etmə orqanı” (parlament), “İcra orqanı” və “Məhkəmə sistemi”ni yaradır. Ümumilikdə siyasət dedikdə ictimai həyatın müxtəlif sahələrinin dövlət tərəfindən həyata keçirilən hökmranlıq və tabelik münasibətlərini bərqərar etmək vasitəsilə idarə olunması başa düşülür.

Yəni əslində, güc və qüdrət sahibi “xalq”dır, sadəcə olaraq hamılıqla birlikdə ölkəni idarə edə bilməyəcəklər deyə, bu haqlarını müəyyən qaydalar əsasında (konstitusiya) bir qrup şəxsə (hakimiyyət) ötürürlər.

                Nəticə olaraq demək olar ki, bütün bu qeyd olunan prosesə aid olan məsələlər “siyasət” adlanır.


2.Din və siyasətin əlaqəsi nədən ibarətdir?

Bildiyiniz kimi mütəal Allah, insanların səadətə çatması və Ona yaxınlaşmasını yaradılışın əsas hədəfi olaraq bəyan etmişdir. O, bu hədəfin reallaşması üçün din, kitab və qanunlar toplusu göndərmişdir. Lakin bildiyiniz kimi, ictimai hədəflərin reallaşması üçün yalnız qanunların mövcudluğu kifayət etmir. Qanundan əlavə onu dəqiqliklə icra edəcək şəxs və ya orqanlar da olmalıdır. Bu məsələ həm dini, həm də əqli cəhətdən təsdiqlənmiş bir məsələdir. Elə bu səbəbdəndir ki, Allah, qanunlardan əlavə icraçıları da göndərmiş və onlardan, insanların ali hədəfə doğru irəliləməsinə şərait yaratmalarını istəyib. Söhbət 124 min peyğəmbərdən gedir.

Deməli, hədəf insanın səadətə çatmasıdır və peyğəmbərlər də məhz bunun üçün göndərilmişdir.

Bu məqamda sual ortaya çıxır: Cəmiyyətdə cərəyanda olan siyasi proseslərin insanın səadətə çatmasına təsiri varmı?

Cavab təbii ki, müsbətdir. Cəmiyyətdə mövcud olan siyasi reallıq nəinki insanın səadət və kamala çatması ilə əlaqəlidir, hətta buna təsir qoyan ən böyük amillərdən hesab olunur.


3.Din siyasətdən ayrıdırmı?

Belə olan halda yenə də sualla müraciət etmək istəyirik: İnsanı səadətə çatdırmaq istəyən peyğəmbərlər və onların həyat proqramı olaraq təqdim etdikləri din, siyasi məsələlərə biganə qala bilərmi? Başqa sözlə desək, din siyasətdən ayrı ola bilərmi?

Əlbəttə ki, yox! Əgər din, insanın səadət və xoşbəxtçiliyini təmin etmək iddiasındadırsa və siyasi proseslərin də bu məsələylə bir başa əlaqəsi varsa, deməli din hökmən bu məsələlərə də müdaxilə etməli və bu barədə müxtəlif təkliflər irəli sürməlidir. Əks halda həmin din, kamillik iddiası edə bilməz.

Məsələyə bu cür yanaşdığımız zaman, siyasətin özü dinin bir parçası olacaqdır. Bu məqamda, mərhum İmam Xomeyninin (r) sözlərini qeyd etməyimiz yerinə düşər: “Bizim dindarlığımız elə siyasətimiz, siyasətimiz isə elə dindarlığımızdır”.

Nəticə: Əgər siyasət peyğəmbərlərin gətirdiyi dinin bir parçasıdırsa, və dini ən yaxşı tanıyan da peyğəmbərlərdirsə, deməli ən üstün siyasətçilərimiz, daha dəqiq desək siyasi liderlərimiz də məhz onlardır.


Qeyd 1: Biz hələki imamın ifadəsində yer alan “siyasi rəhbər” anlayışını araşdırmağa çalışırıq. İmamın (ə) məqsədini isə irəlidə bəhs edəcəyik, inşallah.

Qeyd 2: Mövzunun ardı var.

Ruhullah Novruzzadə

R.Novruzzada@gmail.com

Tags