Hüquq risaləsi - Dərs 6

Bu dərsdə: İnsanın boynunda olan ümumi haqlar barədə.

        “Hüquq Risaləsi”

Bəhs (6)

Onun adı ilə..

 

Ötən dərs insanın rəhbərlərinə qarşı olan vəzifələrindən söz açdıq. O rəhbərlərdən biri insana siyasi cəhətdən rəhbərçilik edən şəxs idi və biz bu mövzuya uyğun olaraq, “islamda siyasi lider anlayışı” barədə bəzi mülahizələr etdik. 

İmam Səccəd (ə) insanın ikinci rəhbəri olaraq, ona elm öyrədənin adını qeyd edərək, bildirir:

“Sənin boynunda ikinci dərəcəli haqq sahibi, elm öyrətmək cəhətdən səni öhdəsinə alanın haqqıdır..” 

İnsanın ali hədəfə çatması üçün öyrənməsi və icra etməsi zəruri olan vəzifələrindən biri də, müəllimi və elm öyrədəninə qarşı olan vəzifələridir.

Əlbəttə ki, İmamın (ə) bəyanında istifadə olunan “elm” ifadəsi ilk olaraq islamın əsası hesab olunan elmlərə aiddir; insanın düşüncəsiylə əlaqəli olan elmlər (əqaid), insan üçün təyin olunan qanun və İlahi vacib və haramların öyrədilməsiylə əlaqəli olan elmlər (əhkam və şəriət), insanın etik normaları, əxlaq və davranışlarıyla əlaqəli olan elmlər (əxlaq).

 

Sual:

Bu sadalananlardan savayı elmlərə (fizika, riyaziyyat, tibb və.s) islamın baxışı nədir?

Cavab:

İslama əsasən, əqaid, əhkam və əxlaqdan savayı elmlərin “elm” adına layiq görülməsi üçün, onların  qeyd olunan bu 3 elmə söykənməsi şərtdir. Yəni digər elmlər bu 3 elmə qulluq etməli və ondan qaynaqlanmalıdır. Məsələn islama əsasən, xəstəliklərlə mübarizə aparmaq və insanların xilas etmək lazımlıdır. Məhz bunun üçün də bəzilərinin tibb elmini öyrənməsi vacib hesab olunur.

 

İmam (ə) sözlərinin davamında buyurur:

“Sonra, himayəsində və öhdəçiliyində olanın haqqıdır. Səni hər hansı formada idarə edən sənin rəhbərin hesab olunur.”

İmam bu ifadəsində ümumi bir qaydaya toxunur. İnsanı hər hansı formada idarə edən şəxs onun həmin məsələdə rəhbəri hesab olunur və insanın o şəxs qarşı bir sıra hüquq və vəzifələri var. Bundan əlavə hər insanın, onu himayə edən və öhdəçiliyinə götürən şəxsə qarşı da bir sıra vəzifələri var. Məsələn, qadının ərinə qarşı.

 

İmam (ə) sözlərinin davamında buyurur:

“Sənin qəyyumluq və rəhbərlik etdiyin şəxslərin də üç növ hüququ vardır: Onların ən vacibi, sənin hakimiyyət və nəzarətin altında olanın haqqıdır. Səndən elm öyrənənin də (bir sıra) hüquqları var; çünki cahil, alimin rəiyyəti hesab olunur. Sənin himayən altında olan şəxsin və sənin (mülkün) hesab olunan şəxsin də sənin boynunda haqları vardır. Məsələn evləndiyin qadın, kölə və kəniz”.

 

İmam Səccad (ə), bundan öncə buyurduğu məsələlərin əksini bəyan edir. Bundan öncə idarə olunanların rəhbərlərə qarşı vəzifələrindən danışırdısa, artıq rəhbərlərin idarə olunanlara qarşı hüquq və vəzifələrindən söz açır. Ötən bənddə insanın müəllimə qarşı vəzifələrindən danışırdısa, bu dəfə müəllimin insana qarşı vəzifələrindən söz açır. Və nəhayət, bundan öncə insanın öhdəçiliyində olanların ona qarşı vəzifələrindən söz açırdısa, artıq bu dəfə insanın öhdəçiliyində olan şəxslərə qarşı vəzifələrinin olduğunu bildirib.

 

Gördüyünüz kimi islama əsasən, hər bir insan ətrafına qarşı müxtəlif növ vəzifələrə sahibdir və bundan əlavə, ətrafın da həmin insana qarşı vəzifələri vardır. Həqiqətən də, insanı səadətə çatdırmaq istəyən bir proqram bu qədər dəqiq olmalıdır.

Ruhullah Novruzzadə

R.Novruzzada@gmail.com

Ruhullah Novruzzadə


Tags