Hüquq risaləsi - Dərs 7

Bu dərs: İnsanın boynunda olan ümumi haqlar barədə.

“Hüquq Risaləsi”

Bəhs (7)

Onun adı ilə..

                Qeyd etdiyimiz kimi dərslərdə, ilkin olaraq insanın səadətiylə əlaqəli olan haqq və vəzifələri sadalamaq və siyahıya almaqla məşquluq.

Bugünədək qeyd olunan mövzuları və insanın boynunda haqq sahibi olan şeyləri yenidən gözdən keçirək:

1.Allahın öz haqqı (ən böyük haqq)


2.Bədən üzvləri:

Göz, Qulaq, Dil, Əllər, Ayaqlar, Qarın, Cinsiyyət orqanı


3.Əməllər:

İbadət, Qeyri ibadət


4.Rəhbərlər:

Siyasi, Elm, Öhdəçilik


5.İdarə olunanlar:

Siyasi, Elm, Öhdəçilik

Bu dərsimizdə isə qohumların bir birinə olan haqq və vəzifələrindın söz açacağıq. İmam (ə) bu barədə buyurur:

“Sənə qohum olanların da sənin boynunda çoxlu haqları var. Onların sənə ən vacibi ananın haqqıdır. Sonra atanın haqqı. Sonra övladların, bacı və qardaşın haqqı. Sonra sənə yaxın qohumların ardıcıllığı ilə.”

İmam qohumların bir birinə qarşı olan vəzifələrindən söz açdığı zaman, ilk öncə diqqətləri ailə mühitinə çəkir; ana, ata və uşaq.

Həqiqətən də insanın və cəmiyyətin səadətə çatması üçün bu kiçik özəklər islah olmalıdır. Ailələrdə övlad valideyn və valideyn övlad münasibətlərini düzgün formaya gətirə bilən cəmiyyət, bütün kütləni islah etmiş olur. Hətta insanın fərdi olaraq da islah və inkişafı üçün ailə mühiti ən münasib şəraitə sahibdir. Çünki insan bu mühitdə öz həqiqətini, müsbət və mənfi özəlliklərini tam olaraq aşkara çıxara bilir. İslah olmaq və xəstəlikləri aradan aparmaq üçün ilk və ən önəmli iş xəstəliyi tapmaqdır. Ailə mühiti məhz bu məsələ üçün ən münasib mühit hesab olunur. İnsan özünü digər cəmiyyətlərdə gizlədə bilsə də, ailədə bunu edə bilmir.

Bəşəriyyət və səadət düşmənləri də bu məsələnin əhəmiyyətini bildikləri üçün ailə mövzusuna ciddi pul, enerji, vaxt sərf edərək, insanların səadətə çatmasına mane olmağa çalışırlar. Onlar bilirlər ki, səadətə çatmaq istəyən insan bugün ailəsini düzəltmək istəyirsə, sabah cəmiyyəti düzəltmək istəyəcək. Bugün nəfsində ədaləti bərpa etmək istəyirsə, sabah cəmiyyətdə ədalətin bərpasına çalışacaq. Və bütün bunlar onların mənafelərinə ziddir. Elə bu səbəbdən, məsələni kökündən vurub, uşağı beşikdə öldürmək istəyirlər və bu səbəbdən ailə mühitinin korlanması üçün ciddi fəaliyyətlər göstərirlər.

Odur ki, İmam (ə) ilk öncə ailədən başlayır. Ananın ailədə olan önəmli rolunu və islamın “analıq” vəzifəsi barədə fikirlərini nəzərə alan İmam (ə), ilk növbədə insanın anasına qarşı olan vəzifələrindən söz açır. Ana, dünyada gedən səadət yarışına qatılmağımız, Allahı tanımağımız, Ona ibadət etməyimiz və razılığını əldə edərək, həqiqi xoşbəxtçiliyə çatmağımız üçün bizi 9 ay ehtiyatla bətnində daşıyan şəxsdir. Ən böyük təşəkkür də məhz bu işinə düşür.

Onun vəzifəsi bununla da bitmir. Öz xeyriyimizi və ziyanımızı bilmədiyimiz dövrdə, özümüzü müdafiə edə bilmədiyimiz anlarda, qayğımıza qalan, rahatçılığından hətta sağlamlığından keçən məhz odur. Axı bu cür şəxsiyyətə qarşı vəzifəsiz ola bilərikmi? Bu cür varlığa qarşı vəzifələrimizi icra etmədən, səadətə çata bilərikmi?

İmama görə, insanın ikinci dərəcəli haqq sahibi olan qohumu, atasıdır. İnsanı səadətə çatma yolunda ehtiyac duyduğu maddi və mənəvi ehtiyaclarının ödənilməsi məhz bu şəxsiyyətin boynuna qoyulub. Həm ailə üzvlərinin fərdi formada, həm də ailənin özünün ailə olaraq inkişafı istiqamətində ən böyük yük məhz onun boynuna düşür. O övladına münasib ad seçməli, onu oxutmalı, inkişafına lazım olan şəraiti qurmalı, vaxtı gələndə evləndirməlidir. Həqiqətən də atanın səadət yolunda sahib olduğu vəzifələri və bunun ağırlığını, yalnız ata olanlar anlaya bilər.

Səadət dolu həyata sahib olmağımız üçün proqramları özündə ehtiva edən Qurani kərim də valideyn məsələsinə olduqca önəm verir. Valideynə hörməti Allaha şərik qoşmamaq qədər önəmli hesab edən Quran, əslində bu məsələnin insanın səadətiylə nə qədər əlaqəli olduğunu çatdırmaq istəyir.

Üçüncü mərhələdə isə, insanın övladına qarşı olan vəzifələridir. Övlad Allahın insana bir əmanətidir. Övladı xəlq edən Allahdırsa, onun əxlaq və şəxsiyyətini yaradan (formalaşdıran) əsas ünsür məhz valideyndir. Bu baxımdan bu İlahi əmanət olduqca önəmlidir. Valideynin uşağın tərbiyəsində və ailədə olan rəftərlarında kiçik səhlənkarlığı Allahın bu nemətinə qarşı xəyanət hesab oluna bilər. Odur ki, insan bu əmanətə nisbət vəzifələrindən də xəbərdar olmalıdır.

İmam (ə) dördüncü növbədə isə bacı və qardaşdan söz açaraq, insanın onlara qarşı olan vəzifələrindən söz açır.

İmam (ə), ailə daxili qohumların hüquqlarından sonra, artıq digər qohumlara keçərək, onların da insanın boynunda bir sıra haqlara sahib olduğunu vurğulayır.

Hər bir halda bugünkü dərsimizdə, insanın öz yaxınlarına və qohumlarına qarşı da vəzifələrinin olduğunu anladıq. Səadətə çatmaq və həqiqi inkişaf etmək istəyən insan, anasına, atasına, övladına, bacı və qardaşına, həmçinin digər qohumlarına nisbət vizəfələrini bilməli və onlara qarşı səhlənkarlıq və diqqətsizlik etməməlidir. Əks halda bunun acı nəticələrini həyatında müşahidə edəcəkdir.

Ruhullah Novruzzadə

R.Novruzzada@gmail.com

Tags