Bu dərsdə: İnsanın boynunda olan ümumi haqlar barədə.

“Hüquq Risaləsi”

Bəhs (10)

Onun adı ilə..

Qeyd etdiyimiz kimi, Allah tərəfindən insan üçün təyin olun hədəf, insanların kamala, səadətə və İlahi yaxınlığa çatmalarıdır. Bunun üçün bir sıra məsələlərə diqqət olunmalıdır. İmam Səccad (ə) öz növbəsində, zəmanəsinin şəraitinə uyğun olaraq bu məsələləri gündəmə gətirir və hədəfə çatmaq istəyən insanlara yolu göstərir və vəzifələrini anladır.

İmam Səccad (ə) növbəti haqq sahibləri barədə buyurur:

“(Haqq sahiblərindən biri də) sənə qarşı (hər hansı) iddianı sürən şəxsdir, digəri isə sənin ona qarşı iddia irəli sürdüyün şəxsdir. Daha sonra isə səndən məsləhət alanın haqqı və həmçinin, sənin məsləhət aldığın şəxsin haqqı. Həmçinin sənin yönləndirdiyin və nəsihət verdiyin şəxsə qarşı da vəzifələrin var. Bundan əlavə, səni yönləndirən və nəsihət edənə qarşı da bir sıra vəzifələrin var”.

İnsani cəmiyyətlərdə ixtilaf və fikir ayrılıqlarının olması təbiidir. Elə bu səbəbdən bir sıra məsələlərdə fərdlər bir birilərinə qarşı müxtəlif iddialar irəli sürürlər. İman əhli də bu məsələdən istisna olunmur. Odur ki, İmam (ə), sözünün bu hissəsində bu məsələyə toxunaraq, insanın bu barədə də bir sıra vəzifələrinin olmasından xəbər verir.

Digər haqq sahibləri isə insana məsləhət verənlər və insanın məsləhət verdiyi şəxslərdir. İslam dini bu məsələyə olduqca önəm verir və insanları müxtəlif məsələlərdə bir birindən məsləhət almağa sövq etdirir.

Məsləhət “düzgün rəyi araşdırmaq” mənasındadır. Quran, “Şura” surəsinin 38-ci ayəsində iman əhlinin özəlliyini sayaraq buyurur: “işləri­ barədə öz aralarında məsləhətləşərlər”. Hətta məsləhətə ehtiyacı olmayan və vəhyə bağlı olan Peyğəmbər (s) də öz növbəsində, ətrafındakılarla məsləhətləşir, bəzən öz rəyindən belə əl çəkirdi. “Ühüd” döyüşündə baş verən hadisə buna nümunədir. Allah, “Ali İmran” surəsinin 159-cu ayəsində Peyğəmbəri (s) möminlərlə məsləhətləşməyə dəvət edir.

Məsləhətləşməyən insan işlərdə ciddi yanlışlıqlara yol verəcək və diqqətlsizlik üzündən nəticəsiz qalacaqdır. Bundan əlavə cəmiyyət, məsləhətləşəmədən iş görənlərə və öz fikirləri ilə kifayətlənənlərə qarşı mənfi münasibət bəsləyəcəkdir. İşlərini məsləhətlə görən şəxsə qarşı paxıllıq minimuma enər. Çünki insanlar, onun uğurunu öz uğuru kimi qəbul edər və qələmə verərlər. Məsləhətləşən şəxs, insanların ona qarşı mənfi və müsbət münasibətlərindən də xəbərdar olma şansı əldə edir.

Lakin bunu da qeyd etməliyik ki, məsləhət, mütəxəssis, elmli, təcrübəli və xeyirxah şəxsdən alınmalıdır.

İnsanların ehtiyaclı olduğu məsələlərdən biri də xeyirxah insanların nəsihətidir. Nəsihət, hər hansı xeyir işə, xüsusən tövsiyə və insanları düzgünlüyə yönləndirən ifadələrə deyilir. Bizim yalnışlıqlarımızı bizə hədiyyə edən, səadət yolunu yanlış getdiyimizi görən şəxsin bu barədə tövsiyə və iradlarını nemət və hədiyyə olaraq qəbul edək. Digər tərəfdən, mömin qardaşlarımıza qarşı da nəsihət vəzifəmiz var və ehtiyac olduğu anlarda öz tövsiyələrimizi onlardan əsirgəməməliyik.

İmam (ə) sözlərinin davamında buyurur:

“Səndən böyük olana və həmçinin, səndən kiçik olana qarşı da vəzifələrin var. Sonra isə səndən bir şey istəyənin haqqı və sənin özünün ondan bir şey istədiyin şəxsin haqqı.”

Çox şükürlər olsun ki, bəzi xalqların mədəniyyətindən fərqli olaraq, böyüyə hörmət bəsləmək Azərbaycan xalqının mədəniyyətində mövcuddur. Lakin təəssüf olsun ki, özümüzdən kiçiklərə qarşı bu məsələyə diqqət etmirik. İslam dini insanları səadətə çatdıracağını iddia edən bir din olaraq, insanın fitrəti ilə əlaqəli olan bu münasibətə də biganə yanaşmayıb və hər iki tərəf üçün müəyyən haqlar təyin etmişdir.

İmam, insanın, ondan nəsə istəyən şəxsə qarşı da boynunda bir sıra vəzifələrin olduğunu bəyan edir, həmçinin əksinə, yəni insanın hər hansı bir şey istədiyi şəxsə qarşı da vəzifələri var. İstək ümumi məfhumdur və maddi, mənəvi, ictimai və digər sahələrdə məna tapır. İnsan müxtəlif sahələrdə yardıma ehtiyaclı ola bilər və insana müxtəlif barələrdə müraciət oluna bilər.

“Sənə pisliyi və ya yaxşılığı dəyən şəxsin haqqı, istər bilərəkdən olsun, istərsə də bilməyərəkdən, istər danışıq olsun, istərsə də davranış. Daha sonra isə bütün müsəlmanların ümumi olaraq haqqı. Sonra isə, müsəlmanlarla müharibə şəraitində olmayan qeyri müsəlmanların haqqı. Sonda isə baş verən hər hansı bir hadisə və ya qarşıya çıxan məsələnin haqqı.”

İnsanın, ona pislik və yaxşılıq edənə qarşı da bir sıra vəzfiləri var. İmam (ə) bu məsələnin genişliyini nəzərə alaraq bu yaxşılıq və pisliyin bilərəkdən və bilməyərəkdən olub, olmamasını da vurğulayır. Bundan əlavə, istər bu yaxşılıq və ya pislik danışıq vasitəsilə olsun, istərsə də davranışla. Hər bir halda, tərəflərin bir birinə qarşı vəzifələri var.

Ümmət olaraq bir birimizin boynunda da haqqımız var. Hər bir cəmiyyət insanın cisminə bənzəyir. İnsanın cisminin hər hansı bir orqanında problem baş verdiyi zaman, digər üzvlər də ona qarşı həssas olur və nəzərə alır. Cəmiyyət də eynilə bu cür olmalı və bir birinə qarşı vəzifələrindən xəbərdar olmalı və icra etməlidir. Müsəlmanlar arasında vəhdətin formalaşması və düşmənçiliyin aradan getməsi bu vəzifələrin ən mühümdür.

 Nəinki insanın müsəlmanlara qarşı, hətta onlara sığınmış qeyri müsəlmanlara qarşı da bir sıra vəzifələri var. Əli (ə) bu barədə buyurur: “İnsanlar ya sənin din qardaşındır, ya da insaniyyətdə səninlə qardaşdır”. Odur ki, biz, eyni din və məzhəbdə olmadığımız şəxslərə qarşı də bir sıra vəzifələrin daşıyıcılarıyıq ki, öyrənib, icra etməliyik.

İmam (ə) sonda, “insanın başına gələn hər hansı bir hadisənin də insanın boynunda haqqı var” deməklə, haqq və vəzifə məsələsinin genişliyindən xəbər verrir və insanları bütün hallarda diqqətli olmağa dəvət edir.

“Beləliklə, xoş olsun o kəsin halına ki, Allah, ona vacib hüquqlarını icra etməkdə kömək etmiş, dəstək olmuş və yönləndirmişdir.”


Allahın izni ilə, növbəti dərsimizdən etibarən, qeyd olunan bu 50 haqqın izahına başlayacaq və öz həddimizdə bəhs etməyə çalışacağıq. Allahdan hamımıza bu məsələdə yardım olmasını və bizi səadət yoluna yönlədirməsini diləyirəm.

Ruhullah Novruzzadə

R.Novruzzada@gmail.com

Tags