Hüquq risaləsi - Dərs 9

Bu dərs: İnsanın boynunda olan ümumi haqlar barədə.

“Hüquq Risaləsi”

Bəhs (9)


Onun adı ilə..


                Hüquq risaləsi bəhslərində haqq sahiblərindən söz açmışdıq. Keçən dərs haqq sahiblərindən biri olan qohumlar barədə danışdıq. İmam Səccadın (ə) hüquq risaləsinin müqəddiməsində qeyd etdiyi haqq sahiblərini sadalamağa davam edirik. Bilək ki, bu şəxslərə qarşı qeyd olunacaq vəzifələrimizə icra etməkdə səhlənkarlığa yol verdiyim zaman bu, mənəvi aləmimizdə də öz mənfi təsirini qoyacaqdır.

                İmam (ə) buyurur:

                “Daha sonra sənə nemət verən mövlanın haqqıdır. Həmçinin, sənin nemətindən bəhrələnin haqqı da boynunda olan haqlardan hesab olunur”.


İmamın bu göstərişi, əsasən qul ilə sahibi arasında olan münasibətdən irəli gələn haqlardır, lakin bunu işçi ilə müdir ya iş sahibi arasında olan münasibətə də aid etmək olar. Gördüyünüz kimi, İmam Səccad (ə) həmişə olduğu kimi məsələyə iki tərəfli yanaşır. Həm nemət görənin nemət verənə qarşı haqqından söz açır, həm də nemət verənin nemət görənə qarşı.

“Növbəti haqq isə sənə yaxşılıq edənə qarşı olan haqdır, həmçinin sənin yaxşılıq etdiyin şəxslərə qarşı da vəzifən vardır”.


Quran ər-Rəhman surəsinin 60-cı ayəsində belə buyurur: “Yaxşılığın əvəzi yalnız yaxşılıq deyilmi?” İmam Səccad (ə) Quranın bu ayəsindən ilhamlanaraq, insana yaxşılıq edənlərin haqqından da söz açır. Yaxşılıq məfhumu ümumidir və hər növ yaxşılığı öz əhatəsinə alır. İstər iqtisadi dəstək, istər mənəvi yardım, istər elm cəhətdən kömək olmaq, istər nəsihət vermək və.s. Hər növ yaxşılığa aiddir.

“Sonra öz azan səsilə səni namaza çağıran azançının haqqı. Sonra pişnamazında durduğun şəxsin haqqı. Sonra bir məclisdə onunla oturduğun (və ümumiyyətlə oturub durduğun) şəxsin haqqı”

Heç ağlımıza gələrdimi azan verən və camaat namazında pişnamaz duranın belə bizim boynumuzda haqqı var və dolayısıyla səadətimizdə ciddi təsirə malikdir? Din barədə hələ bilmədiyimiz çox məsələ var. Mənəvi halsızlıq və səadət yolunda olan ruhsuzluğun səbəblərindən biri də məhz budur. Zəhərli yeməyin, yanlışlıqla yesək belə bizə ziyanı olduğu kimi, mənəvi məsələlərdə də bilməmək üzür hesab olunmur və öz mənfi təsirlərini qoyur. Allahın izni ilə qısa zaman ərzində bu haqların nədən ibarət olduğunu da biləcək və vəzifələrimizdən xəbərdar olacağıq. Lakin işlərimiz daha da çətinləşəcək. Çünki artıq bəhanəmiz də qalmayacaq və vəzifəmizə hər səhlənkarlığımız ruhumuza ciddi zərbə vuracaqdır.


İmam (ə) buyurur:

“Sonra qonşunun haqqı. Sonra həmsöhbət və dostunun haqqı, sonra səninlə şərikin haqqı, sonra malının haqqı, sonra sənə borclu olanların haqqı, sonra sənin ona borclu olduğunun haqqı.”

Peyğəmbərin (s) hədisinə əsasən, insanın evinin ön, arxa, sağ və solunda yerləşən 40 ev sahibləri qonşuları hesab olunur. Yenə o Həzrət (s) buyrur: “Cəbrail (ə) mənə qonşu barədə çox təvsiyə edirdi belə ki, qonşunun insandan irs aparacağını sandım”. Cəmiyyətimizdə icra olunmayan və ya çox az diqqət olunan islami rəftarlardan biri də məhz budur. Halbuki, hər bir müsəlman və cəmiyyətdə islami mədəniyyətin formalaşmasının tərəfdarı olan şəxs, bu məsələyə ciddi önəm verməlidir. Demək olar ki, bütün müsəlmanlar bu məsələdə səhlənkarlıq nümayiş etdirirlər. Gəlin bir birimizə söz verək, qonşularımıza qarşı vəzifələrimizdən xəbərdar olacağımız gündən etibarən ona layiqincə əməl edəcəyik.

İnsan barədə xeyirxah olan, ona Allahı xatırladan dostlara nisbət də bir sıra vəzifələrimiz var. Qurana əsasən, Cəhənnəm əhlinin peşaman olacağı məsələlərdən biri də yanlış dost seçimidir. Quran, yalnız imanlı dostları həqiqi dost olaraq qələmə verir (Sad 24) və Zuxruf 27-də isə belə buyurur: “Qiyamənt günü dostlar bir birinin düşmənidir, təqvalılardan başqa”.

Qurana əsasən, dostun özəllikləri aşağıdakılardır:

1.İman (Mümtəhinə 1)
                2.Dini dəyərlərə hörmət (Maidə 57-58)
                3.Düz danmışaq (Tövbə 119)
                4.İki tərəfli dostluq (Ali İmran 119)
                5.İkiüzlü olmamaq (Ali İmran 119)
                6.Xeyirxah olmaq (Ali İmran 118)
                7.Xoş əxlaqlı olmaq (Fussilət 34)


Bu özəlliklərə sahib olan dostlarımıza qarşı da bir sıra vəzifələrimiz var hansı ki, yaxın gələcəkdə öyrəcəyik, inşallah.

Bundan əlavə, hansısa və ya məsələdə şərik olduğumuz şəxslərin də boynumuzda haqqı vardır. İslam, əldə etdiyimiz mal və mülkə qarşı da bir sıra vəzifələr təyin etmişdir.

Bu gün gündəmdə olan məsələlərdən biri də borc məsələsidir. İslamın sələmi haram etmə səbəblərindən biri də, borc məsələsinin cəmiyyətdə azalmasıdır. İslam bu məsələyə olduqca önəm vermişdir. Bir tərəfdən zəruri olmadıqca borc almamağı bildirir, digər tərəfdən isə cəmiyyəti borc verməyə həvəsləndirir. Təəssüf ki, düşmən, möminlər arasında səmimiyyət yaradan bu xeyirli işin qarşısını almaq üçün əlindən gələni edir. Bir tərəfdən uzun müddətli kreditlər təşkil edir, digər tərəfdən isə bir sıra dələduz və fırıldaqçıları möminlərin arasına salaraq, borca alınan pulların geri qaytarılmamasına, bununla da möminlərin bir birinə olan güvənlərinin aradan getməsinə səbəb olur. Möminlər bu məsələlərə diqqət etməli və bacardıqca səmimi və inandıqları insanlara borc təqdim etməkdən imtina etməməlidirlər. İslam, bu məsələylə bağlı da bir sıra haqq və vəzifələr təyin etmişdir. Növbəti dərslərimizdə qismət olsa bu mövzuyla bağlı da danışacağıq, inşallah.

Ruhullah Novruzzadə

R.Novruzzada@gmail.com

Tags