Tənqid mədəniyyəti

Necə tənqid etməliyik? Tənqid mədəniyyətimizi hansı yöndə formalaşdırmalıyıq?

Aləmlərin Rəbbinin yadı ilə


Çoxdandır düşündüyüm mövzu ətrafında fikirlərimi sizinlə bölüşmək istədim. Axır vaxtlar dindarlar, xüsusən ruhanilər “tənqid” atəşinə tutulurlar. Sosial şəbəkələrdə tənqidin biri bir qəpikdir. İş burasındadır ki, bəzən edilən şeyin adı "tənqid" qoyulsa da, onunla heç bir əlaqəsi olmur. Qarşısındakının fikirləri ilə razılaşmayan hər kəs dediyi ifadələri və atdığı addımları tənqid adlandırır və tənqidin məntiq və dinlə heç bir təzad daşımadığını, əksinə tənqid qəbul etməyənləri qeyri ciddi insan kimi təqdim edir. Bəzən isə qarşı tərəf tənqid adı altında təhqir edilir və təhqir edən tərəf bu fikirlərin (tənqid adı ilə təhqirlərin) tam ürək ağrısı ilə bəyan etdiyini və məsələnin həlli üçün addım atdığını dilə gətirir. Lakin bütün bunlar sofistikadır. Məsələn mən qarşı tərəfin necə də savadsız, gözü qapalı, fəaliyyətinin məntiqi ardıcıllıqdan uzaq olduğunu deyirəm və bütün bunları məsələnin həlli və ürəyimin yandığı üçün bəyan etdiyimi qeyd edirəm. Deyilən bu sözlər gündəmdə olan məsələlərdəndir və insanlar bu cür ifadələrdən istifadə edərək müəyyən kütlədə çaşqınlıq yarada bilirlər.


Bəs nədir çoxlarının yanlış yolda istifadə etdiyi “tənqid”? Fikirləri və ya əməlləri ilə razılaşmadığımız hər kəsə istədiyimiz ifadələri deyib adını “tənqid” qoya bilərikmi? Uzun sözün qısası, “tənqid etmə mədəniyyəti necə olmalıdır?”


 


1.Tənqid edən özü, ən azı tənqid edəcəyi məsələdə düzgün mövqedə olmalıdır:

Yəni hansısa fərdi, ictimai, siyasi və ya digər sahələrdə kimisə tənqid etmək istəyən əvvəla özü dediyi sözlərin əhli olmalıdır. “Mən filan siyasi addımla razı deyiləm, amma özüm də siyasətə qarışmadığımdan alternativ təklifim də yoxdur” demək məntiqi baxımdan düzgün deyil. Əli (ə) Nəhcül bəlağənin 105-inci xütbəsində buyurur: “Öz dediyinə əməl edənin nəsihətlərini qəbul et”. Tənqiddən məqsəd yalnız eybləri demək olmamalıdır, uyğun və düzgün çıxış yolları da təqdim olunmalıdır.


2.Təhqirə yol verilməməlidir:

Peyğəmbərə (s) kiminsə barəsində mənfi söz çatdırdıqlarında, o həzrət qarşı tərəf təhqir olunmasın deyə “niyə filankəs bu cür edir?” demirdi, “niyə filankəs bu sözü çatdırır?” deyirdi. Tənqiddən məqsədi islah etmək, məsələni həll etmək olan şəxs, məntiqsizlik edib təhqirə yol verməz. Ümumiyyətlə təhqir əlacsızlığın əlamətidir və din bunu qadağan edib. Elə bu səbəbdən bəzən təhqirlər sətir altı baş verir və “tənqid” adlandırılır.


3.Tənqiddə məqsəd islah etmək olmalıdır, fəsad törətmək yox:

Paxıllıq, qərəz, düşmənçilik üzündən deyilən sözlərin hədəfi adətən müsbət olmur, əksinə vəziyyəti daha da pisləşdirir. “Paxıl insandan tənqid və nəsihət eşitmək qeyri mümkündür” (Xisal c 1, s 269). Elə bu səbəbdəndir ki, paxıl insanın “tənqid”i adətən intiqam üzündəndir. İnsanın tənqiddə niyyəti həqiqətən islah etmək olarsa qeyd olunan digər şərtlərə də əməl edəcəkdir.


4.Zaman və məkan faktorunu nəzərə almaq:

Tənqid hər zaman və hər yerdə məsləhət görülmür. Mümkündür insan, kimisə tam ixlasla hansısa məsələdə tənqid etmək istəsin, lakin bəsirətsizlik və diqqətsizlik üzündən bu tənqidin həmin zaman və ya məkanda düşmənin hədəfinə qulluq etdiyinə diqqət yetirməsin. Ayətullah Xamenei demişkən: “Bəzən insan pak niyyətlə meydana atılır, lakin bəsirətsizliyi işləri korlamasına gətirib çıxarır” (07.09.2009). Bəzən yerində deyilməyən bir kəlmə böyük işləri bada verə bilər. Xüsusən, düşmənin hiylələrinin çox təhlükəli olduğu bir dönəmdə bu məsələyə xüsusi diqqət olunmalıdır.


5.Tənqid səmimi və bacardıqca özəl bildirilməlidir:

Qeyri səmimi olan tənqidin heç bir faydası olmayacaqdır. Tənqidin bəzən aşkarcasına edilməsi lazımdır, lakin bacardıqca tənqid və nəsihəti gizlində etmək lazımdır. “Aşkarda olan nəsihət və tənqid bir növ zərbədir” (Nəhcül bəlağənin şərhi c 20, s 341). Xüsusən əgər tənqid olunan şəxs dindardırsa, onun abrının bu yolla aradan getməsi yol verilməzdir. “Möminin izzəti Kəbədən üstündür.” (Bihar c 68, s 16)


6.Tənqidin təsir etmə ehtimalı olmalıdır:

Etdiyimiz tənqidin, verdiyimiz məsləhətin heç bir təsiri olmayacaqsa, tənqidimiz etdiyimiz şəxsə gedib çatmayacaqsa məntiqi baxımdan heç bir faydası yoxdur. Bəzən isə etdiyimiz tənqidin nəinki müsbət təsiri olmur, hətta ixtilaf və fitnənin yaranmasına, müsəlmanlar arasında vəhdətin pozulmasına və münafiq xislətli şəxslərə yeni bəhanələr qazanmasına səbəb olur. Belə olan halda, bəlkə də tənqid edən özü tənqid olunmağa daha layiqdir.


7.Məsələyə geniş miqyasdan baxmaq və mövcud olan nöqsanları və üstün cəhətləri birlikdə analiz etmək:

Qarşı tərəfdə və ya gördüyü işdə gördüyümüz mənfi hal, onunla və ya gördüyü işlə bağlı bağlı mövcud olan müsbətlər hallarla bağlı qəflətə düşməyimizə səbəb olmamalıdır. Məsələyə hər tərəfli baxılmalı, ziyanlar və faydalar birlikdə nəzərə alınmalıdır.

“Tənqidlə təhqirin fərqi bilinməlidir. Mütəxəssisin insaflı şəkildə təqdim etdiyi fikirlərə "tənqid" deyilir. Qızıl parçasını zərgərə apardığımız zaman deyir: "Bunun əyarı 20-dir". Zərgər 20-ni qəbul edir, lakin xalis olan qızıldan (24 əyarlıq) aşağı olduğu söyləyir. Lakin əgər biz bu qızıl parçasını dəmirçinin yanına aparsaq, baxıb deyəcək: “Bu nədir? Bunun ki, dəyəri yoxdur!” Buna tənqid deməzlər. Çünki əvvəla bunun qızıl olması inkar olundu. Ay kişi! Əyarı 24 olmasa da, axı bu qızıldır. Ən azı bunu qəbul et. İkincisi isə sən bu işin mütəxəssisi deyilsən axı.” (Ayətullah Xamenei / 23.08.2008).



Bütün bunlar cəmiyyətimizdə tənqid mədəniyyətinə az da olsa təsir etmək üçün qeyd olundu. Ümid edirəm ki, yazılanlar, tənqid etdiyimiz zaman daha diqqətli olmağımıza və edilən tənqidin nə qədər düzgün olmasını təyin etməyimizə yardımçı olacaqdır. Yazıda olan hər bir nöqsan üçün öncədən üzr istəyirəm.

Allahın yazdıqlarıma əməl etməkdə ilk növbədə özümə yardımçı olsun.


Ruhullah Novruzzadə
04.11.2015


Tags