Hindistan - təzadlar ölkəsi

Bu postda noyabr 2017-ci ildə etdiyim Hindistan səfərindən danışacam.


Əvvəla onu deyim ki, getməmişdən o qədər pis şeylər danışmışdılar ki, özümü Türklər demiş hər turlu şoka hazırlamışdım. 10 illik səyahət təcrübəmdə getmədən ən çox araşdırdığım ölkə oldu Hindistan. Gələk əsas məsələyə, hamı kimi deməyəcəm ki, hər yerdən pis qoxu gəlirdi, çox təhlükəli idi, yeməklərini yeyə bilmədim, şəhər toz içində idi və s. Hər bir yerin təbii ki, pis və yaxşı tərəfləri olur. Əsas sizin bunu necə görməyinizdir. Ümumilikdə Hindistan mənim tarixi ilə həmişə maraqlandığım, uşaqlıqdan kinolarına baxdığım və görmək istədiyim yerlərdən olub, xüsusilə də Tac-mahal (bu haqda ayrı post olacaq).


İlk onu deyim ki, təyyarədən düşdük və rəsmi tədbirə getdiyimiz üçün aeroportda qarşılandıq. Hər kəs çox gülərüz və mehriban idi. Çamadanlarımızı baqaja yığıb avtobusa minmək üçün sağ qapıya yaxınlaşdıq ki, bir də gördük bura şoferin yeridir. Xeyli güldük ki, axı biz bilirik burada maşını sağdan idarə edirlər və biz sol tərəfdən minməliyik. Amma olduğum 5 gün müddətində alışa bilmədiyim tək şey yollarda idarəetmənin tərsinə olması oldu, elə bilirdim bu dəqiqə maşınlar toqquşacaq.

Bu müddət ərzində Yeni Dehli və Aqrada oldum. Gəzintilərimizi xüsusi maşın kirayələməklə və bələdçi götürməklə etdik (ilk dəfə idi hardasa bələdçi götürürdüm). Bunu etməyimizin əsas səbəbi hind bələdçi ilə gəzməyin daha təhlükəsiz olması və əsasən də çox ucuz olması idi. Bir günlük Dehli turunda 6 nəfərlik maşın və bələdçiyə adama cəmi 10 manat verdik. Əvəzində isə 6 saata şəhərin bütün tarixi yerlərini gəzmiş olduq. Aqrada rikşalara da mindim, fərqli bir hiss idi. Bircə fil görmədim yoxsa Hindistana gedib filə minmədən dönməzdim. Yeməklərinə gəlincə ədviyyatların iyinə qarşı xüsusi allergiyam olduğundan bilirdim ki, orda heç nə yeyə bilməyəcəm. Tədarüklü getmişdim. Bəzi yeməklərinin dadına baxdım. Biryanı xüsusilə dadlı idi. Ədviyyat və acı sevən dostlarım yeməkləri xüsusi həzlə yeyirdi. 5 gün ərzində mənim yediyim isə yalnız dadlı şirniyyatlar, meyvə və tərəvəzlər və səhər yeməyində “Please No Spice” (ədviyyatsız zəhmət olmasa) deyərək bişirtdiyim qayğanaq oldu.

Yeni Dehlinin mərkəzinə gedəndə isə həqiqi şoka düşdüm. Çünki o qədər pisləmişdirlər elə gözəl yer görəcəyimə inanmırdım. Getdiyimiz mall-da bütün dünya brend mağazalarını və restoranlarını görəndə, starbucks-da dadlı mokko və cheasecake yeyəndə elə bildim başqa yerdəyəm. Burdakı insanlar da çox fərqli idi, müasir dəblə geyinmişdilər, hətta dərilərinin rəngi də fərqli idi.
Təəccübləndiyim şeylər sırasında dəhşətli tıxaclar, hətta moteskletlərin də tıxacda qalması, bu qədər yaşıllığa baxmayaraq havada tozdumanının olması, küçələrdə meymunların sərbəst gəzməsi (inəkləri artıq bilirdim), küçələrdə nələrsə satan uşaq və böyüklərin çox üzdü olması və turistlərdən onu almağa məcbur etməyənə qədər arxasınca gəzmələri oldu. Hamı desə də axşam şəhərə çıxmayın, xüsusən də bazara getməyin son gün axşam bazara da getdik. Bu qədər izdihamın olduğu bazar görməmişdim. Hə bir də Hindistanda özümüzü əsl teleulduz hiss edirdik. Küçədə sərgidə və getdiyimiz uşaqlar üçün rəqs festivalında hər kəs bizimlə şelfi çəkdirmək istəyirdi. Yəqin birdə heç bir yerdə bu qədər şəkil çəkdirən olmayacaq mənimlə 

Tags