Kərbəla hadisəsində olan gözəllik nədən ibarətdir?

Bu yazıda Kərbəla hadisəsinə fərqli bucaqdan baxmağa çalışacağıq.

Bismilləhir-Rahmənir-Rahim 

Əsrlər boyunca Hüseyn ibn Əliyə (ə) əza məclisləri təşkil olunur, uzun məsafələr piyada qət edilir. Bir çoxlarımız üçün belə bir sual yarana bilər: Niyə görə məhz İmam Hüseyn (ə) bu qədər yad olunur və niyə görə məhz o Həzrətə uzun müddət əza saxlanılır? Xanım Zeynəbin (s.ə) bu hadisələrdə gördüyü gözəllik nədən ibarət idi?

Bu sualara müxtəlif cavablar verilmişdir. O cavablardan birini sizlərə təqdim edirəm.

Məsələ burasındadır ki...

Hər bir cəmiyyətin müəyyən bir hədəfi olmalıdır və həmin hədəfə çatmaq üçün yazılı qanunların mövcudluğu da labüddür. Həmin bu yazılı qanunlar cəmiyyəti təyin olunan hədəfə doğru istiqamətləndirir, hədəfdən yayınmağa və qayda pozuntusuna yoluxmağa icazə vermir. Bu qanunlar ölkə səviyyəsində “konstitusiya”, partiya və təşkilat kimi cəmiyyətlərdə isə “nizamnamə” adlanır.

 

Buna, məktəbləri misal çəkmək olar. Məktəblərin müxtəlif hədəfləri vardır: Şagirdlərin tərbiyəli və milli-mənəvi dəyərlərə sadiq formada böyüməsi, gələcək nəslin düşüncəsinin formalaşdırılması, cəmiyyətə faydalı şəxs olaraq böyümələri, onların ali təhsil almaqları üçün lazımlı sənəd və biliklə təmin olunması və s. Nazirlik məktəblərin bu hədəflərə çatmaları üçün müəyyən nizamnamə tərtib etmişdir. Həmin nizamnaməyə əsasən, məktəblərdə qeydə alınan orta təhsilin sonlanması və qeyd olunan hədəflərə çatmaq üçün şagirdlər 11 mərhələdən keçməlidirlər. Bu mərhələlərlə bağlı 2 məqama toxunmaq yerinə düşər:

1. Mərhələlər arasında ziddiyyətdən söhbət gedə bilməz və hər yeni mərhələ öncəki mərhələnin daha təkmilləşdirilmiş forması hesab olunur.

2. Bütün mərhələlərin ayrı-ayrılıqda önəmli olmalarına baxmayaraq, ali təhsilə başlamaq üçün lazım olan rəsmi sənədin əldə olunması sonuncu mərhələdən, yəni XI sinifdən asılıdır. Qeyd olunan hədəfin reallaşması məhz XI sinfin sonundakı yekun imtahana bağlıdır.

Keçək əsas mövzumuza...

Mütəal-Allah da ən böyük cəmiyyət olan bəşəriyyət, yəni Hz. Adəmdən (ə) Qiyamətədək olan insanlar üçün müəyyən hədəf təyin etmişdir. İnsanların səadətə çatmasını istəyən Allah, bunun yalnız və yalnız kamil varlığa yaxınlaşmaqla mümkün olduğunu bildiyindən “İlahi qürb”- ün bəşəriyyət üçün hədəf olduğunu bəyan etmişdir. Hər ibadətdə qəsd etdiyimiz və əldə etməyə çalışdığımız “İlahi qürb”-dən məqsəd, Allaha, yəni kamil varlığa yaxınlaşmaqdır. Ümumiyyətlə, Muhəmməd peyğəmbərin (s) və digər məsumların (ə) bizim üçün nümunə olaraq təyin olunması da buna xidmət edir. Biz onlara oxşamaqla həqiqətdə kamil varlığa yaxınlaşmış oluruq və bununla da ali hədəfimiz olan səadəti əldə etmək uğrunda ciddi səy göstəririk. İlahi qürb yalnız bəndəçiliklə mümkün olduğundan Quran buyurmuşdur:

“Mən cinləri və insanları mənə ibadət etməkdən başqa bir şey üçün yaratmadım”. (Zariyat, 56)

 

Bəs Allah?

Bəşəriyyəti qeyd olunan hədəfə doğru idarə etmək istəyən aləmlərin Rəbbi də bu məqsədlə onlara yazılı qanunlar təqdim etmiş və onu “din” adlandırmışdır. Dinin əsas missiası bəşəriyyəti təyin olunan hədəfə doğru istiqamətləndirmək, hədəfdən yayınmağa və qayda pozuntusuna yoluxmağa çəkindirməkdən ibarətdir. Bu qanunlar 5 mərhələdə bəyan olunmuşdur. “Ulul-əzm” (şəriət sahibi) olaraq tanıdığımız peyğəmbərlər məhz bu mərhələlərə işarədir. Məktəblərdə qeydə alınan 11 mərhələylə bağlı bəyan olunduğu kimi bu 5 mərhələyə, daha dəqiq desək dinlərlə bağlı 2 məqama toxunmaq yerinə düşər:

 

1. Dinlər arasında ziddiyyət görmək mümkün deyil və hər yeni din öncəki dinin daha təkmilləşdirilmiş forması hesab olunur. Bütün peyğəmbərlərin (ə) məqsədi cəmiyyətin həqiqi dəyərlər əsasında idarə olunması olmuşdur, hərçənd ki, İslamdan başqa digər dinlər insanlar tərəfindən təhrifə məruz qalmış, dəyişdirilmiş və əməl olunmamışdır.

2. Bu mərhələlərin ayrı-ayrılıqda önəmli olmasına baxmayaraq, insanı ali hədəfə çatdıracaq əsas mərhələ və din, sonuncu, yəni “İslam” dinidir. Qurani-Kərim də öz növbəsində bu məsələyə toxunmuşdur:

“Həqiqətən, Allah dərgahında (həqiqi) din, İslamdır!” (Ali İmran, 19). “İslamdan başqa bir din ardınca düşən şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, (həmin şəxs) axirətdə ziyana uğrayanlardan olar”. (Ali İmran, 85)

 

124 min peyğəmbərin əsas məqsədi, insanlara sonuncu dini, yəni insanın ali hədəfə çatması üçün lazım olan ideal həyat proqramını qəbul etmək səviyyəsinə çatdırmaq idi. Onlardan bəziləri insanları bu hədəfə doğru hərəkət etdirməyi bacarmış, bəziləri isə onların hədəfdən yayınmalarını minimuma endirmişdir. Yəni hər biri bu yolda əlindən gələni etmişdir. Hər bir halda, Qədir-xum hadisəsi zamanı nazil olan və dinin kamil olduğunu bəyan edən “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim” (Maidə, 3) ayəsi, bütün peyğəmbərlərin səyinin nəticəsidir. Onlar günümüzdə təbliğ olunan insan haqlarını və dəyərləri təmənnasız olaraq cəmiyyətdə yaymış və əksər hallarda fəaliyyətlərinə görə insanlar tərəfindən işgəncələrə məruz qalmışlar. İnsanlıq bu şəxslərə sözün əsl mənasında borcludur.

Belə bir zamanda, vəziyyəti düzgün analiz edən bir qrup meydana atılır. Onlar bütün bu ssenarini dəqiqliklə anlayıb, şeytanın vəsvəsələrinə və öz nəfsi istəklərinə uyaraq, həmin müqəddəs şəxslərin zəhmətini hədər etmək və öz mənafeləri uğrunda insanlığa böyük zərbə vurmaq barədə plan cızır. “Bəni-üməyyə” adlanan və İslam örtüyü ilə həqiqi üzünü gizlədən bu cərəyanın əsas simalarını və tarixdə qeydə alınan sözlərini sizlərə təqdim edirəm:

1. Əbu-Süfyan:

“Xilafəti top kimi bir-birinizə ötürün”. (İbni Əbil-Hədid, “Nəhcül-bəlağənin şərhi” kitabı c.9, səh.53).

 

2. Müaviyə ibn Əbu-Süfyan:

“Allaha and olsun ki, Muhəmmədin adını dəfn edənə və aradan aparanadək Bəni-Haşimlə heç vaxt mehribançılıq etməyəcəyəm”. (İbni Əbil-Hədid, “Nəhcül-bəlağənin şərhi” kitabı c.5, səh.129).

3. Yezid ibn Müaviyə:

“Heç bir xəbər olmamış və vəhy nazil olmamışdır”. (“Tarix Təbəri” kitabı c.7, səh.383).  

 

Bu cərəyan İslam Peyğəmbərinin (s) həyatda olduğu bir zamanda yaranmış və o Həzrət (s) dəfələrlə bu barədə ümmətə xəbərdarlıq etmişdir. İmam Hüseyn (ə) Yezidə beyət etməsinin tələb olunmasıyla bağlı məktubu oxuduqdan sonra buyurmuşdur:

“Cəddim Rəsulullahdan (s) belə eşitdim:

 

Xilafət Əbu-Süfyan ailəsinə haram edilmişdir”. (Biharul-ənvar” kitabı c.44, səh

326).

 

Peyğəmbərin həqiqi ardıcılları və Allahın yer üzündə olan xəlifələri olan məsum imamlar (ə) daim bu cərəyanla mübarizə aparmış və onların hiylələrini puç etməyə çalışmışlar.

Bu cərəyanın İslamı aradan aparmaq, 124 min müqəddəs şəxsiyyətin zəhmətini zay etmək və Allahın bəşəriyyəti idarə etmək məqsədi ilə yandırdığı nuru ağızları ilə söndürmək məqsədi daşıyan fəaliyyətləri elə bir həddə çatmışdır ki, zəmanəsinin məsum imamı və həqiqi xəlifəsi olan Hüseyn ibn Əli (ə) buyururdu: “İslam ümməti Yezid kimi başçıya mübtəla olubsa, İslamın fatihəsi oxunmalıdır”. (“Luhuf” kitabı, səh.11).

Yezid ibn Müaviyənin fəaliyyətləri Bəni-üməyyə cərəyanının hədəfinin reallaşması istiqamətində kuliminasiya nöqtəsi idi. İmam Hüseyn (ə) vəziyyəti düzgün analiz edərək, məsələni tam anlayır və İlahi höccət olaraq bəşəriyyətin xilası üçün addım atmalı olduğunu dərk edirdi. İmamın (ə) Kərbəlada göstərdiyi fədakarlığın əsas səbəbi məhz bu idi və bunu o Həzrətin (ə) çıxışlarından da aydın müşahidə etmək mümkündür. Hüseyn ibn Əli (ə) qəhrəmanlığı ilə düşmənin planını zərərsizləşdirdi və hədəfə çatmalarına maneəçilik törətdi. Kərbəla hadisəsinə bu pəncərədən baxdığımız zaman, həqiqətən də, gözəllikdən başqa bir şey görmək olmur. O, 124 min müqəddəs şəxsiyyətin səyi nəticəsində ərsəyə gələn və insanları hədəfə çatdıracaq olan yazılı qanunların qorunması üçün özünü və yaxınlarını fəda etdi. Onun gördüyü işin mənəvi ağırlığı bütün peyğəmbərlərin işindən daha artıq idi. Elə bu səbəbdəndir ki, “Nüdbə” duasında İmam Sadiq (ə), İmam Zamana (ə) xitab etdiyi zaman bütün peyğəmbərləri bir tərəfdə, İmam Hüseyni (ə) isə digər tərəfdə xatırlayaraq, belə buyurur: “Peyğəmbərlərin və övladlarının intiqamını alacaq şəxs hardadır? Kərbəlada şəhid olan şəxsin intiqamını alacaq şəxs hardadır?”

 

Məsələyə bu aspektdən yanaşıldığı zaman İslam Peyğəmbərinin “Hüseyn məndəndir, mən də Hüseyndən” məşhur hədisi də məna tapır. Bəli, Hüseyni (ə) Peyğəmbərin (s) təqdim etdiyi İslam ərsəyə gətirdi və bir zamanlar da, Hüseyn ibn Əli (ə) onu yetişdirən İslamı qorudu. Belə olan halda, Peyğəmbərin (s) təqdim etdiyi İslam da İmam Hüseyndən (ə) hesab olunur. Böyük alimlərdən olan Kaşiful-Ğitanın da sözü bu məqamda tam yerinə düşür:

 

“İslam, Muhəmməd (s) tərəfindən təqdim olundu və Hüseyn (s) vasitəsi ilə qorunub saxlanıldı”.

 

Bizim Hüseyn ibn Əliyə (ə) və Kərbəlada baş verən hadisələrə uzun müddət yas saxlamağımızın səbəbi, o Həzrətin bizim boynumuzda olan haqqını az da olsa ödəmək, “Çox sağ ol, Hüseyn! Sən, bizlərin səadətə çatması və İlahi nurun aradan getməməsi üçün özünü və ailəni fəda etdin”, - deyərək, öz minnətdarlığımızı bildirmək üçündür. Bilməliyik ki, Kərbəla hadisəsi olmasaydı, bu gün dəyərlər deyil, fəsad və çirkinliklər təbliğ olunacaq və hamı bu uğurda bir-biri ilə yarışacaqdı.

#Çox_sağ_ol_Hüseyn!

Ruhullah Novruzzadə
27.09.2019

Tags