Küləklər şəhərindən Hüseynə (ə) salam olsun!

Həqiqətən də Hüseyn nicat gəmisidir!

Həqiqətən də, Bakı küləklər şəhəridir və bu külək hər kəsə bir cür təsir bağışlayır. Birinin başını ağrıdırsa, digərinin asqırmasına, başqa birisinin isə qaşınmasına səbəb olur. Bəzən bu küləklərin şiddəti məktəblərin, baxçaların, dənizlərin və bu kimi ictimai yerlərin tətil olmasına gətirib çıxarır. Səbəb isə insanların, xüsusən, yaşı az olanların həlak olma ehtimalıdır. Axı, onların sağlamlığının qeydinə qalmaq dövlət qurumlarının ilkin vəzifəsidir! Bu küləklər sayəsində dənizlərdə yaranan fırtınalar nəticəsində baş verən fəsadlar daim, xüsusi olaraq, nəzərə alınmış və xəbərdarlıqlar olunmuşdur.

Bakının havasının küləkli olduğu kimi mühiti də küləklidir və bu külək də hərəyə bir cür təsir qoyur. Birinin baxışlarına təsir qoyursa, digərinin düşüncəsinə, başqa birisinin isə qəlbinə təsir qoyur. Diqqətimiz yayındığı an vicdan və imanımızı itirə bilər, uçurumla üz-üzə qala bilərik. Bu küləklər bəzən çox şiddətli olur və elə bu səbəbdən, imanı az olanlara bu mühitlərdə olmaq məsləhət görülmür. Səbəb isə məlumdur: Mənəvi sağlamlıq! Zənnimcə günümüzdə bu tövsiyələri dinləməyib, az iman və zəif inancla cəmiyyət dənizinə atlayanlar heç də az deyil və elə bu səbəbdəndir ki, hər gün bu dənizdə həmin şiddətli küləklərin yaratdığı fırtınalar nəticəsində həlak olanların faciəvi şəkildə boğulmasının şahidi oluruq.

Bəs, görəsən, bu küləklər bizə necə təsir qoyub?

Belə bir şəraiti nəzərə alan İslam Peyğəmbəri (s) "Həqiqətən də, Hüseyn hidayət çırağı və nicat gəmisidir", - deyərək, bu fırtınalardan salamat çıxmaq istəyənlərə sığınmaq üçün etibarlı ünvan vermişdir. 

Allah üzümüzü də, qəlbimizi də qibləsinə tərəf yönəltsin və bizi Hüseynin gəmisindən (ə) ayrı salmasın!

#Çox_sağ_ol_Hüseyn!

Ruhullah Novruzzadə
30.09.2019

Tags