“Nüdbə” duasından aldığım ümumi mesaj (birinci hissə)

Bu meyarla həm də, həqiqi alimi saxtakarından seçmək mümkündür.

        Əqidəmizə əsasən, insan cism və ruhdan təşkil tapan bir məxluqdur. İnsanın hər iki cəhəti mühüm hesab olunsa da, onun hədəfi olan səadət və xoşbəxtçiliyi ilə daha çox əlaqəli olan məhz ruhi yönümüdür. Hədəfinə sürətlə irəliləmək istəyən şəxs ruhunun qeydinə qalmalı, cismini qoruduğu kimi onu da xəstəliklərdən qorumalı və təkmilləşdirməyə çalışmalıdır.

Əqidəmiz bizə cəmiyyətdə bir qrup şəxsin məsum olduğunu bildirir. Bu şəxsləri tanımaq istəyənlər üçün ən dolğun mənbələrdən biri “Came Kəbirə” ziyarət-naməsidir. Lakin qısa olaraq deməli olsaq bu şəxslər, Allahın sahib olduğu özəlliklərə ən çox və kamil surətdə sahib olan və öz həyatlarında cilvələndirən məxluqlardır. Başqa sözlə desək, onlar Allaha ən çox bənzəyən şəxslər, onun yer üzündəki nümayəndələri, insanlarla Allah arasında vasitə hesab olunurlar. Onlar bizim ruh həkimlərimizdirlər. Həmin ruh ki, hədəfə çatmaq üçün onu nəzərə almamaq mümkün deyil. Məsumlardan bəziləri insanların səadətə çatması üçün lazım olan həyat proqramını (dini) təkmilləşdirməklə vəzifələnmişlər. Onların sayının 124 min olduğu bildirilmişdir (Bihar c 11, s 30). Onlar, müxtəlif çətinliklərə baxmayaraq bəşəriyyəti ən kamil dini qəbul etmə həddinə gətirib çıxarmışlar. Allah, onların sonuncusu olan Hz. Muhəmmədin (s) dili ilə bəşəriyyətə xitabən “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (5:3) deyərək, birinci qrup məsum şəxslərin əsas missiasının tamamladığını vurğuladı. İkinci qrup məsum şəxslərin sayı isə 13 idi. Onların isə əsas vəzifəsi, təkmilləşdirilmiş sonuncu din əsasında insanları bəşər üçün təyin olunan hədəfə yaxınlaşdırmaqdan ibarət idi. Elə bu səbəbdəndir ki, yaradılışdan hədəfinin olduğunu dərk edən, hədəfinə və özünə önəm verən, bu uğurda təhlükəsiz və sürətlə addımlamaq istəyən hər bir şəxs ruh həkimi hesab olunan bu şəxslərin yazdığı reseptlərə xüsusi dəyər verməlidirlər. Fikrimcə, “Nüdbə” duası qeyb dövründə yaşayan insanların mənəvi xəstəliklərdən uzaq olmaları və ruhi sağlamlıqlarını qorumaları üçün məsumlar tərəfindən bəyan olunan ən ideal reseptlərdən biridir. Mən öz növbəmdə bu duadan aldığım mesajları sizlərlə bölüşmək qərarına gəldim. Ricam budur ki, ruh həkimlərimiz olan məsumların sözlərini bəyənib, paylaşıb, “bəh-bəh” deyərək üzərindən keçməklə kifayətlənməyək. Onların həyatımızda və hədəfimizlə bağlı getdiyimiz yolda fövqəladə təsirlərə malik olduğunu bilək və “onlarsız olmaz”ı bütün vücudumuzla dərk edib, praktiki surətdə həyatımızda icra etməyə çalışaq.

Altıncı məsumumuz İmam Sadiq (ə) bu duada həmdin yalnız Allaha məxsus olduğunu və Muhəmməd peyğəmbəri (s) və ailəsini (ə) salavatla yad etdikdən sonra, ilkin olaraq tarixi seyrə, peyğəmbərlərin (birinci qrup məsumların) seçilməsinə və mədəniyyətlərin formalaşmasına toxunur. Fikrimcə qısacası “İlahi təşkilatın struktunun bəyanı” olaraq da adlandırmaq olar.

 

İlk mesaj: Allaha yaxınlaşmanın əsas səbəblərindən  biri - Zöhd və dünyaya göz yummaq

 

Dua ilk olaraq bu sualı cavablandırır:

-          Peyğəmbərlərin seçilmə meyarı nədən ibarətdir? Daha dəqiq desək, Allaha peyğəmbərlər qədər necə yaxın ola bilərik?

 

İmam (ə) cavab olaraq belə buyurur: “Bu alçaq təbiətli dünyanın, onun bər-bəzəkli zər-zivərli dərəcələrində zöhdü onlar üçün şərt etdikdən, onların da bu şərti qəbul edib öz əhdlərinə vəfalı olduqlarını bildikdən sonra onları (peyğəmbərləri) qəbul və müqərrəb etdin.”


Gəlin qəbul edək ki, insanların hamısı hədəfə çatmaqla bağlı Allahla birbaşa əlaqəyə keçməyə nə layiqdirlər, nə də buna ruhi və mənəvi baxımdan hazırlığa sahibdirlər. Bu və digər məhdudiyyətlər səbəbilə, insanların hidayət məsələsinin reallaşması və bəşərin çatacağı hədəflə bağlı işlərin görülməsi üçün Allahın yer üzündə özü üçün nümayəndə təyin etməsi zərurət halını tapır. Bəs bu nümayəndələr necə və hansı meyarlar əsasında seçilməlidir? Cavab çox sadədir: Zöhd və dünyaya etinasızlıq.

Peyğəmbərlərin seçilməsinə meyar məhz bu iki məsələdir. Əslində bununla insanlara öyrədilir ki, Allah tərəfindən qəbul olunub, müqərrəb (yaxın) bəndələrdən olmaq istəyirsinizsə bilin ki, dünya və onun bər bəzəyinə göz yummalısınız. Dünya eşqi ilə Allah eşqi bir qəlbdə cəm ola bilməz; Allah bir adamın daxilində iki ürək yaratmamışdır.” (33:4). Hədisdə “Alimlər peyğəmbərlərin varisləridirlər” (Kafi c 1, s 77) deyə buyururlarsa, deməli islam alimlərinin və ruhanilərin də ən bariz özəlliyi məhz zöhd və dünyaya göz yummaq olmalıdır. Bu meyarla həm də, həqiqi alimi saxtakarından seçmək mümkündür. Hər bir halda, Allah tərəfindən seçilmiş bəndələrə bənzəmək istəyən, onlar kimi Allaha yaxınlaşmaq istəyənlər qeyd olunan bu özəlliyə xüsusi önəm verməlidirlər.

            İkinci mesaj: “Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.”  (51:55).

 

Deyilənə görə, xatırlamanın faydası bilməkdən daha çoxdur. Bəşəriyyətin səadət kitabı olan Qurani kərim də öz növbəsində bir çox məsələləri dəfələrlə insanlara xatırlatmışdır. Digər tərəfdən, keçmişini bilməyən gələcəyini düzgün qura və idarə edə bilməz. Odur ki, mövlamız imam Əli (ə) öz məşhur kəlamında belə buyurmuşdur: “Allahın rəhməti olsun hardan gəldiyini, harda olduğunu və hara gedəcəyini bilən şəxsə.” (Bihar c 58, s 99). Bu 3 sual barədə düşünməyin və cavabını axtarmaqla məşqul olmağın insan həyatının idarə olunmasına və səadət yolunda addımlamasına fövqəladə təsirləri vardır. Odur ki, duanın bu hissəsində imam Sadiq (ə) Adəm, Nuh, İbrahim, İsa, Musa və Muhəmməd (Allahın salamı və salavatı onların üzərinə olsun) peyğəmbərlərinin adını çəkməklə tarixə bir anlıq göz gəzdirərək, keçmişi və hardan gəldiyimizi bizə xatırlatmağa çalışır.

Bəşərin atası hesab olunan Hz. Adəmdən (ə) başlayaraq, digər “ulul əzm” (şəriət sahibi) peyğəmbərlərinin adını sadalayır və bu 6 məsumdan söz açaraq, bütün tarixi gözdən keçirmiş olur. Bu ilahi övliyaların zəhmətləri nəticəsində bəşəriyyət bir-bir mərhələləri geridə qoyaraq, mədəni həyat və düzgün yaşam tərzini əldə etmişdir. Bu gün Qərbin ideoloji məktəblərinin müdafiə etdiyi haqq və dəyərlər xilqətin ilk günündən bəri adı çəkilən məsumlar tərəfindən təbliğ olunmuşlar. İlk baxışda onların fərdi fəaliyyətləri bəlkə də nəticəsiz görünə bilər, lakin diqqətlə baxdığımız zaman onların zəhmətləri sayəsində bəşəriyyətin hansı zirvələrə çatdığının şahidi oluruq. Elə məhz bu səbəbdən, peyğəmbərlərə bütün insanlar borclu hesab olunur. İmam Sadiq (ə) da bütün bunları nəzərə alaraq özlərini insanlara və insanlığa xidmətə adayan, bu uğurda canlarından belə keçən və misilsiz zəhmətləri müqabilində heç bir muzd istəməyərək, “Mən sizdən bir haqq istəmişəmsə, onu sizin üçün istəmişəm. Mənim haqqım ancaq Allahdan olacaqdır” (34:47) deyən ixlaslı şəxsiyyətləri yad etməyi və bununla da onlara təşəkkür etməyi özünə boruc bilir və duasının əvvəlində bu məsələni açır. Həqiqətən də onların şəxsiyyəti və bəşəriyyət üçün çəkdiyi zəhmətləri insanlara çatdırmaq insanlığa ən böyük xidmətlərdən biridir. Quranın bu məsələyə önəm verməsi və peyğəmbərlərin həyatını əks etdirən tarixi hadisələri dəfələrlə təkrar olaraq qeyd etməsi də bu məsələnin önəmini bəyan etməkdədir.

 

                Nəticə olaraq demək olar ki, Nüdbə duasının birinci hissəsində iki əsas məsələyə toxunulur:

1.Allaha yaxınlaşmağın əsas amillərindən biri; Zöhd,

2.Dəyərlərin cəmiyyətdə formalaşmasının əsas amillərindən biri; Bəşəriyyətə xidmət göstərən şəxsiyyətlərin, xüsusən məsumların zəhmətlərinin insanlara xatırladılması və bəyan olunması.


Ruhullah Novruzzadə
19.04.2019
R.Novruzzadə@gmail.com

Tags