FİTNƏ..

Qəlbimizi eşqlə dolduran Allaha həmd olsun!

Bismilləhir Rahmənir Rahim

 

Allaha həmd olsun ki, əksəriyyətimizin qəlbi eşqlə dolub daşır: Allaha eşq, məsumlara (ə) eşq, yaşamağa eşq, səadətə və şəhadətə eşq. Lakin bu eşqi qoruyub saxlamaq üçün maariflənmək, ağıldan güc almaq lazımdır. Agahlıq olmazsa, eşq ya aradan gedər, ya da sui-istifadələrə məruz qalar və kimlərinsə şəxsi mənafeyi istiqamətində yönləndirilər. Hətta insan iman, fədakarlıq, şəhadət kimi ən xalis hislərə sahib olub, lakin lazımi bilgi və maarifə yiyələnməsə, daim yoldan çıxmaq, şəkkə düşmək və peşmançılığa düçar olmaq təhlükələri ilə üz-üzə olacaqdır. Eşq bayrağını dalğalandırmaq istəyənlər qollarını agahlıq iksiri ilə qüvvətləndirməlidirlər. İmam Əli (ə) bu barədə buyurmuşdur:

 

“(Fitnələr zamanı dalğalandırdığım) bu bayrağı, yalnız bəsirət və səbr əhli daşıya bilər (“Nəhcül-bəlağə”, xütbə 173).

 

Bu məsələ qeyb dövründə xüsusi diqqət çəkən məsələlərdəndir. Zühur öncəsi baş verəcək olan fitnələrdən danışan hədislər buna sübutdur. Qurani-Kərim, məsum bir şəxsin vilayətini qəbul etmiş hər bir qrupun 4 növ imtahandan keçməsini İlahi qayda olaraq təqdim edir. Bu imtahanlar iqtisadi, hərbi, məzhəbi (yalançı iddiaçıların peyda olması) və hakimlik (həkəmiyyət) barədə olan imtahanlardır. Məlum məsələdir ki, İmam Zaman (ə) barədə olan bu imtahanlar zühurdan öncə baş verəcək və İmamının intizarında olan şəxs bu fitnələrdən üzüağ çıxmaq üçün lazımi agahlığı özündə yaratmalıdır.

 

Agahlığa səbəb olan yollardan biri

Agahlıq və bəsirətə səbəb olan yollardan biri proqramlı surətdə mütaliə etmək, araşdırmaq və təhlil etməkdir. Sahib olduğumuz hər şeyi, xüsusən mədəniyyət və dəyərləri yalnız agahlıq və bəsirətlə qoruyub saxlaya bilərik. Kitab oxumadan, beynini işə salmadan, zəhmət çəkmədən isə heç kim agahlığa sahib ola bilməz, eyni zamanda, cəmiyyətdə olan dəyər və mədəniyyəti qoruya bilməz. Hətta bu, İslam mədəniyyəti kimi fitrət və ağıla tam uyğun olan bir mədəniyyət olsa belə. Əgər hansısa bir cəmiyyətdə geriləmə, milli və mənəvi dəyərlərdən uzaqlaşma, əxlaqsızlığa meyl müşahidə olunursa, bu, həmin cəmiyyətin ictimai xadimlərinin, ziyalılarının, gənclərinin və fəal üzvlərinin zəifçiliyinin, təhlil qüvvəsinin və agahlıq səviyyələrinin aşağı olmasının, vəzifələrini düzgün təyin və ya icra etməkdən aciz qalmalarının göstəricisidir.

 

Yalnız eşqlə kifayətlənmək

Sahib olduğumuz eşqi qorumaq və mədəni mübarizədə qalib gəlmək mövzusunda sırf səmimi və xalis hislərə sahib olmaqla kifayətlənmək bir tərəfdən qarşıya çıxan hadisə və məsələlərdə ifrat və təfrit təhlükəsiylə üzləşməyə, digər tərəfdən isə insanın düşüncə və əqidəsinin zəif qalmasına gətirib çıxaracaqdır. Belə bir hala sahib olan şəxsin düşüncə, hiss və həyatı adi bir fitnə yelinin əsməsi, bir böhranın yaranması və ya bir şübhənin üzə çıxması ilə alt-üst olacaq və köklü zərbələr alacaqdır. İnsanın niyyətində xalis olmasını və fəaliyyətlərini saf niyyətlə həyata keçirməli olmasını heç kim inkar etmir. Lakin əgər bütün bunlardan əlavə ayıqlığa, təhlil qüvvəsinə, bəsirətə sahib olmasa və yolu koldan ayıra bilməsə zərbə alacaq, üstəlik ətrafına da zərbələr endirəcəkdir.

 

Agahlığa səbəb olan başqa bir amil

Agahlığa, təhlil qüvvəsinə sahib olmağın və məsələlərin görünməyən tərəflərini görməyə səbəb olan başqa bir amil isə tarixə nəzər salmaqdır. Ümumilikdə tarixə iki cür nəzər salmaq mümkündür:

Birinci formada tarixə nağıl və hekayə formasında baxır və kiməsə rəhmət, kiməsə lənət oxumaqla kifayətlənirik. Təbii ki, tarixi hadisələrə bu cür yanaşmağın dediyimiz faydaları olmayacaqdır.

Tarixə nəzər salmağın ikinci forması isə ona ibrət mənbəyi olaraq baxmaqdır. Quran və Əhli-beyt (ə) də bizi bu cür baxışa səsləmişdir:

 

“İbrət götürün, ey ağıl sahibləri”. (“Həşr”, ayə 2)

 

Keçmişdən ibrət almaq üçün tarixin özəyini tanıyıb, oxşar ssenariləri aşkarlayıb, zəmanə ilə uyğunlaşdırmalıyıq. Bununla da keçmişdəkilərin düşdüyü quyuya yenidən düşməməyə səy göstərməliyik. Tarixi bugünkü vəzifəmizi tanımaq məqsədi ilə mütaliə ediriksə, bu, tarixdən ibrət almağa çalışırıq deməkdir. Bunun üçün isə tarixlə bu günümüz arasında olan əlaqəni düzgün qurmalıyıq. Bu, bizim fitnə və şübhə zamanlarında düzgün mövqe sərgiləməyimiz və oyuna düşməməyimiz üçün gözəl bir üslubdur.

 

Bəsirətsiz imanlılara tarixdən misal

Tarixə nəzər saldığımız zaman “xəvaric” adlı bir dəstəni müşahidə edirik. Bilindiyi kimi xəvaricin çox böyük bir hissəsi münafiq, kafir və fasiqlərdən ibarət olmamışdır. Əksinə, olduqca pak, imanlı, xalis hədəflərə sahib olan və gecə namazı qılan şəxslər olmuşlar. Onlar İmam Əli (ə) kimi bir şəxsiyyətə qarşı terror etməyi özlərinin dini vəzifəsi hesab etmişlər və bu işin daha bərəkətli olması üçün məhz Qədr gecəsini seçmişdilər. Onların sahib olmadıqları məhz agahlıq və təhlil qüvvəsi idi. İmam Əlini (ə) şəhadətə çatdıran şəxs bir zamanlar o Həzrətin (ə) əsgəri olmuş və İmamın (ə) ordusunda düşmənə qarşı vuruşmuşdur. Xəvaricə üzv olan bir çoxlarının taleyi bizə bunu öyrədir ki, bəzən insan ixlas və Allaha yaxınlaşmaq məqsədi ilə dinə, cəmiyyətə və haqq olan imamına xəyanət edə bilir. Biz də öz növbəmizdə ehtiyatlı olmalı və bu təhlükəylə qarşı-qarşıya olduğumuzu unutmamalı və heç birimiz öz keçmişimizə güvənib, özümüzü sığortalanmış şəxs hesab etməməliyik.

 

 

 

Fitnələrin hikməti

Qeyd etməliyik ki, insanların saf-çürük olması və həqiqi simalarının üzə çıxması üçün dəyişilməz İlahi qaydalardan biri də imtahandır. Həqiqi iman sahibi ilə özünü mömin kimi göstərənlər məhz İlahi imtahan anlarında üzə çıxar. Quranın “Ənkəbut” surəsinin ilk ayələrində buyurulur:

 

“İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”, – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxaracaqdır”.

 

Möminlər sahib olduqları imanla kifayətlənməməli, özlərini İlahi sınaqlara hazırlamalı və imtahandan üzüağ çıxmaq üçün lazım olan ayıqlığı əldə etməlidirlər. Əgər İslam Peyğəmbərinin (s) zamanında iman və küfr dəstəsini seçmək üçün azca agahlığa sahib olmaq kifayət edirdisə, İmam Əlinin (ə) zamanında bunu təyin etmək nisbətən çətinləşdi və Peyğəmbər (s) zamanında haqq cəbhəsini rahatlıqla təyin edənlərin bu mərhələdə ayaqları büdrədi və sahib olduqları agahlıq onların bu imtahandan üzüağ çıxmalarına kifayət etmədi. Həmçinin, Bəni-Üməyyə dövründə olan fitnələrin həqiqətini anlamaq Bəni-Abbasın xilafəti zamanı baş verən fitnələrin pərdə arxasını görməkdən qat-qat rahat idi. Bəni-Abbas dövründə İslam və İslam mədəniyyəti zahirdə çiçəklənsə və genişlənsə də, İslamın həqiqətinin təhrifə məruz qaldığı üçün məsumlar bu dövrdə daha çox zəhmətə düçar olmuşlar. Düşmənlərin insanları çaşdırmaq və onların təhlil qüvvələrinə müdaxilə edərək, öz mənafeləri uğrunda yönləndirmələri üçün yeni hiylələr düşündüyü bir dövrdə, möminlərin də haqqı tanıyaraq ona iman gətirib, batildən üz döndərmək üçün bəsirət və agahlıqlarını artırmalarından başqa çarələri yoxdur. Əks halda yeni fitnələr zamanı vəzifəni təyin etmək üçün köhnə və yenilənməyən bəsirət fayda verməyəcəkdir.

 

Fitnənin cəmiyyətə qoyduğu təsirlər

İmam Əlinin (ə) bu barədə olan sözlərinə əsasən, fitnə baş verdiyi zaman bir neçə böhranın yaranmasına səbəb olar:

1. İnsanlar şəkk və şübhəyə düşər;

2. Cəmiyyətdə ixtilaf toxumlarını əkər;

3. İmanları sarsılar və zədələnər;

4. Dost və düşmənin bir-birinə qarışmasına səbəb olar.

 

Fitnənin əsas özəlliyi

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 93-cü xütbəsində fitnənin özəllikləri barədə söz açarkən buyurur:

 

“Fitnələr üz gətirdikləri zaman haqq libası geyinmiş olarlar. Getdikləri zaman isə insanlar arxadan onların həqiqətini anlayarlar”.

 

İmamın (ə) sözündən anlamaq olur ki, fitnə yarandığı zaman insanlar onun zahirinə aldanaraq, ona meyl göstərər və dəstək olarlar. Sonralar isə artıq fitnə aradan getdiyi ərəfədə hamı onun həqiqətini anlayar və bir çoxları atdığı addımlara görə peşman olarlar. Odur ki, iman əhlinin daim agah olması və qəflətə düşməməsi üçün Əhli-beyt (ə) ciddi xəbərdarlıqlar etmişdir. Fitnələr zamanı məsələlərə səthi baxmaq və hüsnü-zənn etməyin ziyandan başqa bir nəticəsi olmaz. İmam Əli (ə) fitnəni ömrünün cavanlıq anlarını yaşayan bir insana bənzədir. Fitnə ilk anlarında gənc bir insan kimi çox cazibədar və ümid doğuran olur. Heç kim ondan qorxmur və təhlükə hiss etmir. Lakin zaman keçdikcə böyüyür və cəmiyyəti tamamilə əhatəsinə alır. Vaxt ötdükcə daş kimi sərtləşir və ağır zərbələri ilə ətrafına zərbələr endirir. Fitnəkarlar bu şəraitdən öz xeyirləri üçün istifadə edib, onun üzərindən mənafelərini təmin etməyə çalışırlar. Deməli, fitnə cəmiyyətə ilk addımlarını qoyduğu zaman heç kim onu tanımır və bu səbəbdən onu xoş qarşılayır, hətta bəzən dəstək də olurlar.

 

İlahi cəmiyyətlərdə fitnənin yaranmasına əsas səbəblər

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 50-ci xütbəsində fitnənin yaranmasına əsas səbəbin nəfsani istəklərə tabe olmaq dində bidət qoymaq olduğunu açıqlayır. İmama (ə) görə, cəmiyyətdə nəfsi istəklərinə tabe olan, uğur və qələbəni yalnız özünə məxsus bilən, diktator ruhiyyəli şəxslər öz mənafelərini təmin etmək üçün səfərbər olurlar. Lakin onların bu istəklərinə mane olan amillərdən biri İlahi dinlər və qanunlardır. Onlar din və din qanunlarını tamamilə aradan aparmağı və insanlar arasında “dinsiz” olaraq tanınmalarını öz mənafelərinə zidd hesab etdikləri üçün dinlə açıq şəkildə mübarizə aparmaqdansa, onu təhrif edib, öz istəklərinin xeyrinə olaraq dəyişməyi daha məqsədəuyğun bilirlər. Onlar dindən nərdivan mislində istifadə edib, öz batil düşüncələri əsasında inkişaf etməyi planlaşdırırlar. Elə bu səbəbdəndir ki, İmam (ə) “Nəhcül-bəlağə”nin həmin xütbəsində buyurur:

 

“Əgər batil haqla qarışdırılmasaydı, haqqın yolu onu axtaranlar üçün gizli qalmazdı. Və əgər haqq batil libasında gizlədilməsəydi, düşmənin boş danışan ağzı (onu müdafiə etməkdən) aciz qalardı. Lakin haqdan bir parça və batildən də bir qədər götürülüb bir-biri ilə qarışdırılır”.

 

Belə bir zamanda məsələnin həqiqətini anlamaq və pərdə arxasında gedən layihələrdən xəbərdar olmaq olduqca çətindir. Çünki din libası və sözü altında dinsizliyə xidmət olunur və ümumi, bəzən isə xüsusi xalq kütlələri məsələnin zahiri ilə kifayətlənir, batin və dərinliyinə varmırlar. Fitnə bəzən haqdan danışan dili və bəzən həqiqəti müdafiə etdiyini bildirən qələmi fitnəkarın məkirli planlarına alət edir.

 

Fitnə zamanı ilə bağlı məsləhətlər

 

1.  Fitnəyə uymuşlarla fitnəkarlar arasında fərq qoymaq.

Diqqət etmək lazımdır ki, fitnələr zamanı batil cəbhənin bütün üzvlərinə eyni gözlə baxmaq insafdan uzaq bir işdir. Onlardan bəziləri fitnənin başı və əsas fiqurları, bəziləri də fitnəkarların xidmətində durmuş və bütün enerjilərini onların hədəflərinə həsr edənlərdir. Əksər üzvləri isə fitnəkarların gözəl və aldadıcı şüarlarına aldanmış şəxslərdir. Onları çox qınamaq, vaxt və enerjinin böyük hissəsini bu qrupa sərf edərək onlarla mübarizə aparmaq sadəlövhlük və fitnəkarların oyununa düşmək hesab olunar. İmam Əli (ə) buyurur:

 

“Hər fitnəkar qınanılası deyildir” (Ğurərul hikəm səh. 326).

 

2. Təqva və yəqin əsasında addımlamaq.

Fitnələr zamanı təqva faktoruna xüsusi diqqət yetirməliyik. Xüsusən də, kiminsə haqqına girməkdən çəkinməliyik. İmam Əli (ə) 151-ci xütbəsində şübhə tufanı qalxdığı zaman haqqı batildən ayıra bilməyənlərə ehtimal və güman əsasında danışmamağı, təəssüb və hisləri ilə qərar verməməyi tövsiyə edir.

Bundan əlavə, İlahi nüsrətə güvənməli və Allahdan yardım dilədiyimiz zaman Onun hökmən bizə həqiqəti görmək üçün dəstək olacağına inanmalıyıq. Qurani-Kərim təqva faktorunun bəsirət və agahlıqla əlaqəsini bu cür ifadə edir:

 

“Ey iman gətirənlər! Əgər Allaha qarşı təqvalı olsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər”(“Ənfal”, ayə 29).

 

“Allaha qarşı təqvalı olsanız, (Allah) sizə çıxış yolu göstərər” (“Təlaq”, ayə 2).

 

İmam Əli (ə) öz nurani kəlamlarında bu mövzuya toxunaraq buyurmuşdur:

 

“Agah olun! Allahdan qorxan və təqvalı olan şəxslərə Allah, fitnədən çıxmaq üçün bir yol açar və onu hidayət nuru ilə qaranlıqlardan çıxarar” (“Tuhəful-uqul”, səh. 232).

 

Bu qaydanı fərdlərdən əlavə, cəmiyyətlərə də tətbiq etmək olar. Yəni təqva və iman ruhiyyəsi hakim olan cəmiyyətlərdə fitnə ciddi ziyan və zərbələrlə nəticələnməz və Allah onları fitnələrə qalib edər.

 

3. Vilayətə qarşı möhkəm bağlılıq və dəqiq məlumat.

Fitnələr zamanı zəmanənin vilayət sahibini dəqiq olaraq tanımaq, onun düşüncə və planlarından xəbərdar olmaq insanların haqqı batildən ayırmasına yardımçı olacaqdır. Baş verən hadisələrə vilayət eynəyi ilə baxmaq bir çoxlarının görmədiyi incəliklərin üzə çıxmasına və fitnə zamanı vəzifələrin rahatlıqla təyin olunmasına gətirib çıxaracaqdır. Peyğəmbərin (s) səhabələrinin fitnələr zamanı İmam Əlinin (ə) yanında olmağa və haqqı onun vasitəsi ilə təyin etməyə səsləməsi buna bariz nümunədir. “Nisa” surəsinin 59-cu ayəsi də bu məsələyə işarə edir:

 

“Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Rəsuluna həvalə (müraciət) edin.”

 

4. Ziyalı və alimlər aydınlatma işlərinə daha diqqətli və sürətli etməlidirlər.

Fitnə zamanı vəzifələrini təyin etməkdən aciz olan şəxslər sığına biləcəkləri şəxs axtarışına çıxırlar. İman əhli bu seçimlərində diqqətli olmalı və cəmiyyətin ziyanlı deyil, həqiqi ziyalı şəxslərinə müraciət etməlidirlər. Alim və ziyalılar da öz növbələrində özlərini şəkk və şübhə qaranlığında hiss edən şəxsləri məntiq və dəlil işığı əsasında nura doğru hidayət etməyə çalışmalıdırlar. İslam Peyğəmbəri (s) bu barədə buyurmuşdur:

 

“Ümmətimdə bidətlər zahir olduğu zaman alimlər öz elmlərini zahir etməli və onlarla mübarizə aparmalıdırlar. Belə etməsələr, Allahın lənətinə tuş gələrlər” (Kafi c. 1, səh. 54).

 

Alimlər fitnəyə uymuş şəxsləri müzakirəyə dəvət etməli, onlarla xoş dil və məntiq əsasında höccəti tamamlamalıdırlar. “Cəməl” fitnəsində İmam Əli (ə) Peyğəmbərin (s) xanımı Aişə ilə müzakirə etmək istəyəndə Aişə bu təklifi qəbul etmədi. İbni Abbas Aişəyə xitabən dedi:

“Məxluqla danışmaqdan qaçırsan, bəs, Xaliqlə necə danışacaqsan?”

İmam Əli (ə) üçün mühüm məsələ müharibə və savaş yox, dəlil gətirmək, qane etmək, mərhəmət göstərmək və helmli olmaq idi. Bütün bunların işə yaramadığını gördüyü zaman çıxış yolunu savaşda görərdi. Çünki o Həzrət, fitnənin qətldən daha pis olduğunu bilsə də, fitnə ilə mübarizənin də ən ideal yolla aparmağın zəruriliyini anlayırdı.

 

Düşünürəm ki, artıq zühurun astanasındayıq. İman əhli həm nəfslərinin, həm də insanlardan və cinlərdən olan şeytanların fitnələri barədə daha diqqətli olmalıdırlar. Bu barədə azca səhlənkarlığımız taleyimizi və aqibətimizi dəyişə bilər. Bilməliyik ki, fitnə zamanı haqq və batil cəbhəsini ayırd etmək məsələnin yalnız bir hissəsidir. Digər və daha böyük bir hissəsi isə cəbhələrin təyin olunmasından sonra vəzifələrin müəyyən edilib, icra olunmasıdır.

 

Bu yazə fitnə mövzusunda qələmə alınan qısa həcmli bir məqalə idi. Allah hamımıza fərdi və ictimai həyatımızda olan fitnələrdən üzüağ çıxmaqda yardımçı olsun və bizi zühuradək islah olanlardan qərar versin!

 

Ruhullah Novruzzadə
07.07.2020

Tags