Ruhanilərin son günlərdə yayılan müraciəti barədə

Bildiyiniz kimi 02.08.2020 tarixində ölkənin 50-dən çox ruhani və din tələbəsi məddahlara, təbliğatçılara və möminlərə müəyyən mövzuda müraciət ünvanlamışdır.

Ruhanilərin son günlərdə yayılan müraciəti barədə

 

Bağışlayan və mehriban Allahın adı ilə 

Bildiyiniz kimi 02.08.2020 tarixində ölkənin 50-dən çox ruhani və din tələbəsi məddahlara, təbliğatçılara və möminlərə müəyyən mövzuda müraciət ünvanlamışdır.

 

Ruhaniləri bu bəyanatı bildirməyə vadar edən nə oldu?

Bildiyiniz kimi hədislərə əsasən, alimlər peyğəmbərlərin varisi və dinin qoruyucuları və gözətçiləri hesab olunurlar. Ruhanilərin ən önəmli vəzifələrindən biri dini təhrif olunmaqdan qorumaq, düzgün dini əqidə və şəriəti insanlara bəyan etməkdir. Digər tərəfdən isə məddahlar (həm də rövzəxanlar) və təbliğatçılar bu qeyd olunan məsələlərlə birbaşa əlaqədədirlər. Yəni onlar da öz növbələrində dinin düzgün çatdırılmasında və ya dinin təhrifə uğramasında pay sahibidirlər. Odur ki, bu məsələnin önəmini dərk edən din alimləri və öndərlərimiz tarix boyu daim məddah və təbliğatçılara ümumi tövsiyələr ünvanlamış və onların gördüyü işlərin xeyrinin artırılması və ya ziyanının azalması üçün əllərindən gələni etmişlər. Məlum bəyanatın ruhanilər tərəfindən yazılmasına başlıca səbəblərdən biri də məhz bu idi. Necə ki, bəyanatın ilk hissəsində də bu bildirilir:

“Mövzunun həssaslığını və məddahların geniş kütlələrə təsir göstərəbilmə potensialını nəzərə alaraq, bu barədə əziz təbliğatçılara, məddah və möminlərə müraciət ünvanlamağı və şəriətin bu barədəki göstərişlərini bir daha xatırlatmağı özümüzə borc bildik”. 

İkinci səbəb olaraq qeyd etmək lazımdır ki, təəssüf ki, dini mühitimizdə bir sıra məsələlər düyün halı almış və bir çox beyinləri özünə məşğul etmişdir. İnsanlar üçün bu düyünləri açmaq və aydınlatmaq yenə də ruhanilərin boynuna düşən vəzifələrdəndir. Reallıq budur ki, ölkəmizdə olan məddahlıq, rövzəxanlıq, dini musiqi, musiqi alətləri kimi mövzular əksər hallarda möminlər arasında ixtilafa səbəb olur və bu da istər-istəməz ümumi ziyanlarla nəticələnirdi. Təbii ki, bu məsələnin münasib yollarla həll olunması və möminlərin öz şəri vəzifələrini daha dəqiq bilib, ciddiyyətlə icra edə bilmələri üçün müraciətin ümumi formada olunması daha məqsədəuyğun hesab olunurdu.

Bu və bu kimi səbəbləri nəzərə alaraq, ruhanilər 4 bəndlik bəyanat hazırlayaraq, müzakirə və fikir mübadiləsi apardıqdan sonra cəmiyyətə ortaq tövsiyə və müraciətlərini ünvanlamaq, bu barədə olan şəri hökmləri yenidən xatırlatmaq, düşüncələrdə olan və əksər hallarda onlara ünvanlanan sualları müəyyən həddə cavablandırmaq qərarına gəldilər.

 

Bəyanatın yazılmasından hədəf nə idi və nə qədər nəticə əldə olundu?

 Hədəf, hansısa məddah qardaşımızın və ya təbliğatçımızın fəaliyyətlərini tənqid etmək, kiminsə fəaliyyət metoduna təsir qoymaq deyildi. Bu bəyanatın hədəfi yerdə qalan şəri bir vəzifənin icrası, bu barədə olan şəri məsələlərin dindarlara yenidən xatırladılması, həmin şəri məsələləri nəzərə alaraq mövcud şəraitlə münasib təkliflərin irəli sürülməsi, məsələlərin nisbətən aydınlaşması və möminləri öz şəri vəzifələrindən agah olunması idi. Fikrimcə, yazılan bu bəyanat Allahın yardımı ilə qeyd olunan hədəflərinə çatmış hesab oluna bilər. Zamanla isə ruhani və möminlərin dəstəyi ilə daha da səmərə verəcəkdir.

 

-          Bəyanatda fikir ayrılığına səbəb olan əsas məsələlər hansılardır?

 Bəyanatın birinci və dördüncü bəndində yəqin ki, fikir ayrılığı yaranmamışdır. Söz-söhbətə səbəb olan əsas bəndlər ikinci və üçüncü bənd olmuşdur.

 

-          İkinci bənddə nə deyilir və ixtilafa səbəb olacaq məqam varmı?

 İkinci bəndin əvvəlində məsumların insanları musiqiyə həvəsləndirməsiylə bağlı dini mətnlərdə bir hədisin olmaması əziz məddah və təbliğatçılara, həm də möminlərə xatırladılır. Yəni dini mətnlərdə məsumlarımızın insanları musiqiyə rəğbətləndirmələri və ona meyil oyatmalarıyla bağlı bir əlamətə rast gəlinməmişdir.

Təqlid mərcəilərinə gəlincə, bəyanatda müxtəlif müctəhidlərin fikirləri qeyd olunmuş və bu barədə fikir ayrılıqlarının olduğu da vurğulanmışdır.

Bütün bunları nəzərə alaraq ölkə ruhaniləri mövcud şəraiti təhlil edərək, müəyyən bir təklif irəli sürmüşlər. Təklif də bundan ibarətdir:

 “Toy, mövlud və digər mərasimlərdə ayrı-ayrı müctəhidlərə təqlid edən möminlərin iştirakını, onların rahatlığını və şəri vəzifələrinin icrasının zəruriliyini nəzərə alaraq, musiqi və musiqi alətlərindən istifadə edilməsi məsələsi ilə bağlı tövsiyəmiz budur ki, proqramlar, ifalar və təqdimatlar əksər müctəhidlərimizin yekdilliklə icazəli bildiyi formada həyata keçirilsin”.

Fikrimcə, qeyd olunan hədəflərə çatmaq üçün məntiqli bir təklifdir. Bu təklif, bəlkə də, Quranın “De: “Ey Kitab əhli! Bizim və sizin aranızda eyni (ortaq) bir kəlməyə gəlin” (“Ali-İmran” surəsi, ayə 64) ayəsinə uyğun formada bildirilib.

Deməli, bəyanatın ikinci bəndində əslində söz-söhbətə səbəb olacaq bir nüans yoxdur. Çünki, əvvəla dini mətnlərdə olan mövcud məsələlər diqqətə çatdırılıb, ikincisi şəri məsələlər bəyan olunub, üçüncüsü isə ruhanilər müzakirə edərək, mövcud şəraiti nəzərə alıb, ortaq surətdə dini mühitə öz təklifini irəli sürmüşlər. Yəni ruhanilər bəzilərinin “ruhanilər haram fətvası verib”, - deməsindən fərqli olaraq, özlərindən hansısa bir hökmü çıxarmamış, mövcud olan hökmləri bəyan edib, bunun əsasında günümüzə uyğun bir çıxış yolu təqdim etmişlər. Bir daha qeyd etməliyəm ki, bu təklif, ixtilaf və yaranan xoşagəlməz halların həlli istiqamətində verilmişdir.

 

-          Üçüncü bənddə qeyd olunan əsas məsələ nədən ibarətdir?

 Bəyanatın üçüncü bəndində də yenidən şəri hökm xatırladılaraq deyilir:

 “Bütün müctəhidlər istisnasız olaraq İslam və Əhli-beytin (ə) dinimizin uyğun bilmədiyi formada, naməhrəmlərin bir-biri ilə ünsiyyətinə şərait yaradan, Əhli-beytin (ə) şəninə yaraşmayan, haram məclislərə, tərzlərə, ahənglərə, ənənə və davranışlara xas olan tərz, üslub və formalarda təbliğinə icazə vermirlər.

Azərbaycan xalqı tarix boyu Əhli-beytin (ə) əza məclislərində oxunan mərsiyə və növhələrin musiqi alətləri ilə ifa edilməsini məqbul saymamışdır”.

Bu bənddən də anlaşıldığı kimi musiqi mövzusu ayrı, Əhli-beyti (ə) vəsf etmək isə ayrı bir mövzudur. Yəni mümkündür ki, bir musiqi özü-özlüyündə halal hesab olunsun, lakin həmin halal musiqinin Əhli-beytin (ə) adı ilə bir yerdə hallanması hörmətsizlik hesab olunsun. Bununla da, özü-özlüyündə halal olan musiqi bu halda haram oluna bilər.

Və ya mümkündür ki, Əhli-beyti (ə) mədh edən şəxsin davranışları və ya qurduğu dəm-dəstgah o həzrətlərin (ə) məqam və şəninə uyğun olmasın. Belə məqamlarda da musiqinin halal və ya haram olmasından asılı olmayaraq, bu cür hallar şəriət baxımından yolverilməz hesab olunur.

 

Nəticə:

 Nəticə etibarilə demək lazımdır ki, dini mühitin müxtəlif təbəqələrinə ünvanlanmış bu bəyanat əslində İslamda mövcud olan şəri hökmlərin yenidən xatırladılmasına və əziz məddahların, təbliğatçıların və möminlərin, ixtilaf və təhrif potansielinə malik olan bu məsələdə daha ayıq olmasına xidmət edir.

 

Bir neçə mühüm qeyd:

 1.Ayətullah Xameneinin sosial şəbəkələrdə yayılmış musiqi alətləri ilə olan şəkli barədə danışmaq üçün ilk olaraq o şəklin həqiqətə uyğun olması isbata yetməlidir. Bu barədə deməliyik ki, əvvəla, həmin şəkil heç bir rəsmi mənbədə yer almamış və sadəcə bir neçə şəxsi profildə paylaşılmışdır. İkincisi isə o şəklin ruhanilərin verdiyi bəyanatla yaxından, ya uzaqdan əlaqəsi yoxdur.

 

2.    2.Ayətullah Xameneinin musiqi və incəsənətlə bağlı fikirlərinə gəlincə; musiqinin insanların ruhunda böyük təsirə malik olmasını yəqin ki, bəyanata imza atan heç bir ruhani inkar etməz. Lakin diqqət etmək lazımdır ki, bir çox məsələlər cəmiyyətin İslam qanunları və ya dünyəvi qanunlar əsasında idarə olunmasından asılı olaraq öz hökmünü dəyişə bilir. Məsələn, mərhum İmam Xomeyninin faktiki olaraq musiqiylə bağlı hökmlərini İran İslam İnqilabından öncə və sonraya nəzər salaraq iki hissəyə bölmək olar. İmam Xomeyni inqilabdan öncə musiqinin ümumi olaraq haram olduğu qənaətində olsa da, inqilabdan sonra musiqinin müxtəlif orqanlar tərəfindən ciddi nəzarət olunmasını nəzərə alaraq, İslamın mənafeyi istiqamətində istifadə olunmasını maneəsiz hesab etmişdir. Ayətullah Xamenei də İmam Xomeyninin musiqi ilə fətvasının məhz həyatının son illərində dəyişdiyini vurğulamışdır.

 

3.   İran İslam Respublikasının İslam qanunları əsasında idarə olunmasını və bunun reallaşması üçün nəzarətedici orqanların olması inkar olunmaz faktlardandır. Bütün bunlara baxmayaraq, Ayətullah Xameneinin İranda halal musiqinin təbliğ olunmasıyla bağlı fətvasına diqqət yetirək:

 “(Musiqini dinləməklə bağlı hökmdən fərqli olaraq) yaymaq və təbliğ etmək ikinci mərhələli hökmdür (sanəvi hökm). Musiqiyə qulaq asmaq və konsertlər təşkil etmək, əgər azdırıcı özəlliyə sahib olmazsa, halaldır. Lakin indiki şərait münasib olmadığından musiqini tamamilə haram hesab etməsəm də, onu yaymağı və təbliğ etməyi haram hesab edirəm. Yaymaq və təbliğ etməkdən məqsədimiz buna həvəsləndirmək və rəğbətləndirməkdir. Misal olaraq, hər axşam iki dəfə musiqi paylaşılması nəzərdə tutulan TV proqramlarında 100 musiqinin ifa olunması onun təbliğ və yayılmasına qulluq edir”. (Ayətullah Xameneinin "dərs-xaric"dən)

Bundan əlavə, Ayətullah Xamenei "dərs-xaric"dən hazırlanmış "Ğina" kitabında musiqi alətlərinin də görüntüsünün yayılmasını və bununla da,  musiqinin təbliğ olunmasını haram bilir.


Ayətullah Xameneinin musiqini öyrənməklə bağlı suala verdiyi cavabı da diqqətinizə çatdırırıq:

“Ümumi olaraq, musiqini yaymaq, öyrətmək və bununla bağlı dərslər təşkil etmək, halal musiqi olsa belə, İslam Respublikasının ali hədəflərinə uyğun deyil. Yaxşı olar ki, əziz cavanlar öz dəyərli zamanlarını faydalı elm və işlərin öyrənilməsinə sərf etsinlər, boş vaxtlarını isə idman və sağlam əyləncələrlə doldursunlar”.

 

Sual: Əgər İran kimi İslam qanunları əsasında idarə olunan, musiqilərin yayılmasına nəzarət edən müxtəlif orqanların olduğu bir cəmiyyətdə Ayətullah Xameneinin bu tip haramlığı açıq-aşkar bəyan edən fətvaları varsa, bizim cəmiyyətdə bu məsələyə qarşı daha həssas olmağımız gərəkməzmi? Bu barədə heç bir nəzarətin olmadığı bir cəmiyyətdə, üstəlik bəzi məddahların nəsihət qəbul etmədiyi və nəsihətə təhqirlə cavab verdiyi bir cəmiyyətdə musiqinin başını açıb buraxmaq nə qədər məntiqə və şəriətə uyğundur? 

 

3.Bəzi əzizlərin bu bəyanata olan iradlarından biri bu idi:

Bəs kinolarda gedən musiqiyə nə deyirsiniz? Yəni filan məşhur İran filmlərində olan musiqidən alimlər xəbərsizdir? Mütləq ki, onlar kinonu nəzərdən keçirmişl'r. Musiqisinə iradları olsaydı, mütləq müdaxilə edər və qarşısını alardılar.

 

Bu fikirlərə gəlincə:

1.  Bir daha xatırladırıq ki, bəyanatın heç bir yerində “musiqi kökündən haramdır” deyilməyib. Hətta müxtəlif müsbət məqsədlər uğrunda buna icazə verən müctəhidlərin olması da vurğulanmışdır.

2.   İrana mənsub olan kino və ümumiyyətlə əsərlər nə vaxtdan höccət hesab olunur? Kim zəmanət verə bilər ki, həqiqətən də, müctəhid həmin filmi izləyib? Lap filmi izləyib, hardan məlumdur ki, musiqini də dinləyib? Lap dinləyibsə belə, kim deyir ki, irad bildirməyib? Bu barədə Ayətullah Xameneinin İran telekanallarıyla bağlı fətvasını diqqətinizə çatdırmaqla kifayətlənirəm. Ümid edirəm ki, bu tip irad bildirən əzizlər qane olarlar: 

“Musiqilərin “İslam Təbliğat Təşkilatı” və ya başqa islami təşkilatlar tərəfindən icazəli hesab olunması onun şəri cəhətdən mübah hesab olunması üçün yetərli deyil və bunu təyin etmək hər bir mükəlləfin öz öhdəsinə buraxılır”.

Ümid edirəm ki, əziz məddahlar, təbliğatçılar və möminlər bu məsələyə daha çox önəm verəcəklər və İslama xidmət eşqiylə yaşayan əziz məddah qardaşlarımız fəaliyyətlərinin islami qaydalar əsasında olması üçün əllərindən gələni edəcək və bu barədə ruhanilərlə daha çox məsləhətləşəcəklər.

 

Allah hamımıza dininə xidmət etmək məsələsində müvəffəqiyyət əta etsin!


Ruhullah Novruzzadə
10.08.2020

Tags