Dində "rükn" və "qeyri rükn" məsələsi

Bağışlayan və mehriban Allahın adı ilə

Bildiyiniz kimi, namazın vacibləri iki hissəyə bölünür:

1)Rükn (sütun): Niyyət, Təkbirətul-ehram, Rükuya birləşik olan qiyam, rüku, iki səcdə.
2)Qeyri rükn: Qiraət, zikr, təşəhhüd, salam, vaciblərin sıra ilə görülməsi, vaciblərin fasiləsiz olaraq görülməsi.

Bu vaciblərin hər hansı birinin bilərəkdən artırılması və ya tərk olunması namazımızın batil olmasına səbəb olar. Bu aydın məsələdir.


Bəs bu işi bilməyərəkdən görərsək necə? Yəni qeyd olunan vaciblərin bilməyərəkdən artırılması və ya tərk olunması yenə də namazımızın batil olmasına səbəb olarmı?

Cavab olaraq bildirmək lazımdır ki:

1.Əgər bilməyərəkdən baş verən bu yanlışlıq (artırılma və tərk etmə) namazın qeyri rükn olan vaciblərindən birinə aid olarsa bu, namazın batil olmasına səbəb olmaz. Başqa sözlə desək, qeyri rükn olan vaciblərin icrasında bilməməzlik üzündən baş verən yanlışlıq keçiləsidir və bu barədə insanın üzrü qəbul olunur.

2.Amma əgər bilməyərəkdən baş verən bu yanlışlıq namazın rükn olan vaciblərindən biri aid olarsa, yəni yanlışlıq səbəbi ilə hansısa rükn olan vacib artırılar və ya tərk olunarsa namaz  mütləq olaraq batil olar. Başqa sözlə desək namazın rüknlərində buraxılan səhv bilməyərəkdən olsa belə keçiləsi deyil və bu barədə üzr qəbul olunmur. Hətta bu şəxs ixlasın pik həddində olsa və qeyri rükn olan vacibləri dəqiqliklə icra etsə belə.

 

Bütün bu deyilənləri nəzərə alaraq demək lazımdır ki, bir şəxs namazında rükn hesab olunan vaciblərdən birini artırar və ya ümumiyyətlə icra etməzsə o şəxsin qeyri rükn olan vacibləri olduqca dəqiq və mənəvi abu-hava ilə icra etməsi həmin namazı batil olmaqdan xilas edə bilməz. Yəni bir şəxs namazda rükulardan birini etməz və ya bir rükunun yerinə iki rüku edərsə qiraətinin təcvid və avazla, zikrlərinin ciddi mənəvi ruhla, salamlarının xuzu və xuşu ilə olması bu namazı batil olmaqdan xilas edə bilməyəcək. Çünki rüknlar prinsip və olmazsa-olmazlar hesab olunur. Bu vaciblərdə bilməməzlik üzündən belə baş verən yanlışlıqlar namazın puç, faydasız və batil olmasına gətirib çıxarar və bu barədə insanın heç bir üzrü qəbul olunmaz.

 

Əzizlər,

Dinimiz də eynən namazımız kimidir. Onun da qaydalarını rükn və qeyri rükn olaraq iki hissəyə bölmək olar. Bir sıra islam qaydaları rükn və dəyişilməz prinsip hesab olunur və onları bilməməzlik üzündən belə artırar və ya tərk edərsək dinimiz zay olar və heç bir xidmət, zəhmət və niyyət bunun qarşısını ala bilməz. Bu barədə bu deyilənlərlə kifayətlənirəm və hamımızı dinimizi daha dəqiq tanımağa dəvət edirəm.

Sonda bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm ki, şiənin əqidə bəslədiyi təqiyyə mövzusu belə bu prinsiplərə aid edilmir və bu qaydaları təqiyyə yolu ilə belə artırmağa və ya tərk etməyə belə icazə verilmir.

Allah dinimizi dəqiq anlayıb, ona agah və ixlaslı formada icra etməkdə hamımıza yardımçı olsun!


Ruhullah Novruzzadə
02.09.2020

Tags